Azərbaycan I Liqasında çıxış edən Xaçmazın “Şimal” klubu yeni mövsüm ərəfəsində transfer çalışmalarını davam etdirir. Əyalət təmsilçisi heyətinə üç afrikalı legioner cəlb edib.
Klub kot-d’ivuarlı 21 yaşlı yarımmüdafiəçi Lama Bamba və onun həmyerlisi 23 yaşlı müdafiəçi Musa Diallo, eləcə də nigeriyalı 21 yaşlı yarımmüdafiəçi Umar Abubakar ilə müqavilə imzalayıb. Yeni transferlərdən Bamba karyerası ərzində Moldovanın “Saksan”, Belarusun “Slaviya-Mozır” və “Smorqon” komandalarında, həmyerlisi Diallo isə “Smorqon”da forma geyinib. Nigeriyalı Abubakarın isə son klubları “Saksan” və Tacikistan “İstiqlol”u olub.
Xatırladaq ki, ötən mövsüm I Liqada debüt edən “Şimal” çempionatda inamsız təsir bağışlasa da, yekunda liqada yerini qorumağı bacarmışdı.
Xaçmaz təmsilçisi yeni mövsümün ilk turunda sentyabrın 4-ü “Gəncəbasar”la üz-üzə gələcək. Qarşılaşma Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.