“Şamaxı” klubunun da üzv olduğu Avropa Klublar Birliyi (UEC) futbolçu hazırlığında klubların payını daha ədalətli qiymətləndirmək məqsədilə “Oyunçu İnkişafı Mükafatı” adlı yeni təşəbbüsə start verib.
“Şamaxı” FK-dan verilən məlumata görə, layihənin əsas qayəsi 12-19 yaş aralığındakı futbolçuların yetişdirilməsində mühüm rol oynayan klubları UEFA turnirlərinin gəlirləri hesabına əlavə maliyyə vəsaiti ilə mükafatlandırmaqdır. UEC-nin təklifinə əsasən, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasından əldə edilən qazancın bir hissəsi bu turnirlərdə forma geyinən oyunçuların inkişafında əməyi olan bütün klublar arasında bölüşdürüləcək.
Məsələ ilə bağlı bəyanat yayan bölgə təmsilçisi təşəbbüsün böyük önəm daşıdığını bildirib: “Hər kəsə məlumdur ki, “Şamaxı”nın əsas missiyalarından biri gənc yerli futbolçuların inkişafına dəstək olmaq və milli komandalar üçün istedadlar yetişdirməkdir. Klubumuz akademiyaların əməyini ön plana çəkən bu təşəbbüsü yüksək qiymətləndirir və tam dəstəkləyir. Bu addım Avropa futbolunda akademiyaların inkişafına yeni təkan verəcək və xüsusilə aşağı liqalarda çıxış edərək oyunçu yetişdirən klublar üçün ciddi dəstək olacaq”.
Açıqlamada o da vurğulanıb ki, sözügedən qayda son dörd mövsümdə qüvvədə olsaydı, “Şamaxı” akademiyasının iki yetirməsinin avrokubokların əsas mərhələsində çıxış etməsi sayəsində təxminən 327 000 avro əlavə gəlir qazana bilərdi.