Türkiyə Super Liqasında I turun oyunları davam edir. Turun diqqətçəkən qarşılaşmalarında “Trabzonspor” səfərdə heç-heçə ilə kifayətlənib, “Fənərbaxça” isə paytaxtda gözlənilməz məğlubiyyətlə üzləşib.
“Trabzonspor” mövsümün ilk turunda səfərdə “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmanın ən diqqətçəkən məqamlarından biri “bordo-mavililər”in yeni transferi Məhəmməd Salahın debütü olub. Misirli hücumçu 58-ci dəqiqədə meydana daxil olub.
Hesabı 43-cü dəqiqədə qonaqlar açıblar. Saviolanın dəqiq zərbəsi “Trabzonspor”u fasiləyə 1:0 öndə göndərib. Lakin “Kasımpaşa” ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. 56-cı dəqiqədə penalti qazanan meydan sahibləri Benedyaçakın dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər – 1:1.
Yeni mövsümə iddialı başlayan “Fənərbaxça” isə səfərdə “Gənclərbirliyi”nə 1:2 hesabı ilə uduzaraq çempionata xalsız başlayıb.
İstanbul təmsilçisi 13-cü dəqiqədə Taliska ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. “Gənclərbirliyi” 37-ci dəqiqədə Tonqyinin qolu ilə bərabərliyi təmin edib. İkinci hissədə təşəbbüsü ələ alan meydan sahibləri 56-cı dəqiqədə Oğulcan Ülgünün qolu ilə hesabı 2:1-ə çatdırıb və sonadək üstünlüyünü qoruyub.
Qələbədə əsas pay sahiblərindən biri isə “Fənərbaxça”dan “Gənclərbirliyi”nə transfer olunan qapıçı İrfan Can Eğribayat olub. Təcrübəli qolkiper sabiq komandasının hücumları qarşısında inamlı oyun nümayiş etdirərək ilk 62 dəqiqədə 6 mühüm seyvlə yadda qalıb. Günün digər qarşılaşmasında “Çaykur Rizəspor” səfərdə “Konyaspor”u minimal hesabla məğlub edib. Gərgin mübarizə şəraitində keçən görüşün taleyini son dəqiqələrdə vurulan qol həll edib. 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kazım Laçı komandasına 1:0 hesablı qələbə qazandırıb və “Çaykur Rizəspor”un mövsümə 3 xalla başlamasını təmin edib.