“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Sabah”la keçiriləcək həlledici matçdan öncə mətbuat konfransında iddialı və səmimi açıqlamalarla çıxış edib. Təcrübəli mütəxəssis komandasının yorğunluğundan, rəqibin üstünlüklərindən və finalın psixoloji tərəflərindən danışıb.
Sadıqov hazırlıq prosesinin qısalığından gileylənərək, təqvimin ağırlığını xüsusi vurğulayıb: “Bizi çox vacib oyun gözləyir. Yaxşı hazırlaşdığımızı düşünürəm, lakin vaxtımızın daha çox olmasını istərdim. Sabah son 40 gündə 9-cu oyunumuza çıxacağıq. Hər biri ağır keçib, gərginlik və yorğunluq var. Buna baxmayaraq, mövsümün ən yaxşı oyunlarından birini nümayiş etdirmək niyyətindəyik”.
Rəqibin gücünü yüksək qiymətləndirən baş məşqçi, “Sabah”ın daha rahat tərəf olduğunu qeyd edib: “Qarşımızda cəlbedici futbol oynayan, heyəti və məşqçi korpusu güclü olan ciddi rəqib var. Valdas Dambrauskas çox təcrübəli məşqçidir və onun aktivində 7 trofey var. “Sabah” son çempion olduğu üçün psixoloji cəhətdən daha rahat və özünəəmin olacaq. Bizim isə itirməyə daha çox şeyimiz var. Avrokuboklara gedən yol bəlkə də məhz bu finaldan keçir. Bu, bizim son şansımız ola bilər. Bu təzyiqi öz xeyrimizə çevirib, meydanda daha aqressiv olmalıyıq”.
Son çempionat matçının ağır şəraitdə keçməsi “qartallar”ın heyətinə ciddi təsir edib. Sadıqov əsas oyunçularından biri olan Hacıağa Hacılının durumuna aydınlıq gətirib: “Kubok yolunda qəribə hadisələrlə üzləşirik. Əvvəllər kubokda az oyun olmasından şikayət edirdim, bu il isə hər şey əksinə oldu. Qubada, yağışın və palçığın içində oynamaq əlavə yorğunluq yaratdı. Təəssüf ki, Hacıağa Hacılı məhz həmin oyunun fəsadı olaraq bu gün məşqdə zədələndi. Böyük ehtimalla sabah bizə kömək edə bilməyəcək. O, bizim üçün çox vacib oyunçudur”.
Finalın nəticəsinin digər klubların avrokubok taleyinə təsir etməsinə gəlincə, Rəşad Sadıqov buna peşəkar yanaşdığını bildirib: “Vəziyyət elə gətirib ki, bizim finalda uduzmağımız dörd kluba (“Neftçi”, “Qarabağ”, “Turan Tovuz”) sərf edir. Bu, futboldur, normal qarşılayıram. Onların yerində olsaydım, mən də “Sabah”ın qalib gəlməsini istəyərdim. Lakin bu amil bizə nə mənfi, nə də müsbət təsir edir. Biz klub tariximiz üçün bu oyunun nə qədər əhəmiyyətli olduğunu bilirik və tam olaraq öz hədəfimizə köklənmişik. Seriyaya hazırlaşmışıq. Hər şey ola bilər. Təbii ki, hər iki komanda məsələni 90 dəqiqədə bitirmək istəyir. Azarkeşləri möhtəşəm və baxımlı bir finalın gözlədiyinə inanıram”.