UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında təmsilçimiz “Sabah” Finlandiyanın “KuPS” (Kuopio) klubunun qonağı olub. Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn “bayquşlar” səfərdə də rəqibini iki cavabsız qolla üstələyərək (ümumi hesab – 3:0) adını III təsnifat mərhələsinə yazdırdı.
Valdas Dambrauskasın yetirmələri görüşə inamlı başlayıb. Artıq 7-ci dəqiqədə “KuPS” müdafiəçisi Kasim Nuhunun kobud səhvindən yararlanan Coi-Lans Mikels hesabı aça bilərdi, lakin finlərin qapıçısı Yohannes Kraydl təhlükəni dəf etdi. İkinci hissənin ilk dəqiqələrində də təzyiqi davam etdirən “Sabah” 53-cü dəqiqədə istəyinə çatdı: Aleksey İsayev və Timoteuş Puxaçın təşkil etdiyi hücumu Velko Simiç dəqiq zərbə ilə tamamlayaraq hesabı açdı.
65-ci dəqiqədə növbəti təhlükəli hücum zamanı topu qapı dirəyinə vuran Bakı təmsilçisi 70-ci dəqiqədə fərqi ikiyə çatdırıb. Əvəzetmədən meydana daxil olan Ksander Severinanın sağ cinahdan ötürməsini Coi-Lans Mikels torla qovuşduraraq matçın yekun nöqtəsini qoyub – 0:2.
Növbəti mərhələyə yüksələn “Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək (bu komandaların ilk görüşündə Polşa təmsilçisi səfərdə 4:1 hesablı inamlı qələbə qazanıb). Çempionlar Liqası ilə vidalaşan “KuPS” isə yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək. Finlandiya klubunun bu turnirdəki rəqibi “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütlüyünün məğlubu olacaq (bu cütlüyün ilk matçında bolqarlar 1:0 hesabı ilə üstün olublar).
KuPS (Finlandiya) – “SABAH” (Azərbaycan) 0:2
Qollar: Velko Simiç, 53 (0:1), Coi-Lans Mikels, 70 (0:2)
İlk oyun: 0:1
Məkan: Kuopio, “Vyare Arena”
Baş hakim: Qal Leybovits (İsrail
KuPS: Yohannes Kraydl, Braima Maqassa, Kasim Nuhu, Akseli Puukko (Saku Savolaynen, 81), Klinton Antvi (Saku Heyskanen, 74), Valentin Qask (Petr Pajışek, 58), Petteri Pennanen (k), Tommi Yuryu (Niylo Kuyasalo, 74), Bob Armah (Coslin Luyeye-Lutumba, 58), Sayku Turay, Xayme Moreno.
“Sabah”: Stas Pokatilov (k), Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka (Tellur Mütəllimov, 78), Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Rəhmonaliyev (Abdulla Xaybulayev, 78), Aleksey İsayev (Rodriqo Fernandeş, 78), Kahim Pərris (Ksander Severina, 61), Velko Simiç, Coi-Lans Mikels (Orfe Mbina, 87).
Sarı vərəqələr: Rəhmonaliyev, 60 – Pennanen, 62. Turay, 72. Maqassa, 89.