UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında Azərbaycan çempionu “Sabah” Finlandiyada “KuPS”un qonağı olacaq.
Bakıdakı ilk görüşdə Veljko Şimiçin yeganə qolu ilə 1:0 hesablı vacib qələbə qazanan “Sabah” cütdə üstün tərəfdir. Lakin finlər doğma azarkeşləri önündə mərhələ adlamaq ümidini itirməyiblər. “KuPS”un mübarizəni uzatması üçün ən azı bir cavab qoluna ehtiyacı var. Finlərin iki və ya daha çox top fərqli qələbəsi onları birbaşa növbəti mərhələyə daşıyacaq, 1 topluq üstünlüyü isə matçı əlavə vaxta aparacaq.
Bu qarşılaşmanın əhəmiyyəti hər iki klub üçün bəlkə də son illərin ən yüksək həddindədir. Cütün qalibi yalnız Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməyəcək, həm də avromövsümdə ən azı Konfrans Liqasının əsas (liqa) mərhələsində oynamaq hüququnu qazanacaq.
“KuPS”un baş məşqçisi Miika Nuutinen cavab matçı öncəsi komandasına inandığını bildirib: “Məqsədimiz mövsümün ən yaxşı oyununu keçirməkdir. Bakıdakı ilk matçdan lazımi dərs çıxarmışıq və bu dəfə oyuna daha çox nəzarət etmək istəyirik. Doğma azarkeşlərimizin dəstəyi ilə hər şey mümkündür”.
Əvvəllər Bundesliqada çıxış etmiş “KuPS” mərkəz müdafiəçisi Kasim Adams da ilk matçın çətin keçdiyini, lakin öz meydançalarında daha inamlı oynayacaqlarını vurğulayıb: “Bakıdakı oyun fiziki baxımdan çox ağır keçdi. “Sabah“ yüksək keyfiyyətli komandadır. Ən yaxşı tərəfi odur ki, aldığımız nəticə bizə növbəti mərhələ üçün yaxşı şans saxlayır. Doğma azarkeşlərimiz və bizə tanış olan sintetik örtük bu matçda bizim əsas üstünlüyümüz olacaq. Lakin “Sabah“ kimi güclü rəqibə qarşı ilk dəqiqələrdən tam hazır olmalıyıq”.
Rəqəmlər nə deyir? Statistika və ehtimallar
“KuPS” son 6 matçının 4-də qələbə qazansa da, “Sabah”ın son dövrdəki statistikası daha yaxşıdır. Masazır təmsilçisi keçirdiyi son 48 rəsmi qarşılaşmanın 32-də meydanı qalib tərk edib.
Superkompüterlərin və analitik modellərin hesablamalarına görə, Bakıdakı 1:0-lıq üstünlükdən sonra “Sabah”ın Finlandiyada da qələbə qazanmaq ehtimalı 48% qiymətləndirilir. Mərhələnin taleyinə və avromövsümün kimin üçün davam edəcəyinə önümüzdəki 90 dəqiqə (və ya əlavə vaxt) aydınlıq gətirəcək.