“Sabah” klubu tarixində ilk dəfə qədəm qoyduğu UEFA Çempionlar Liqasında möhtəşəm başlanğıca imza atıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda, 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi “Nyu-Sents”i doğma divarlar arasında iki cavabsız qolla məğlub edərək cavab qarşılaşması öncəsi böyük üstünlük qazanıb.
Masazırdakı “Bank Respublika Arena”da keçirilən və polşalı referi Patrik Qrickeviçin idarə etdiyi meydan sahibləri ilk dəqiqələrdən oyuna nəzarəti ələ alıblar.
Matçın ilk yarısında qonaq komanda tam heyətlə müdafiəyə çəkilərək “Sabah”ın hücumlarının qarşısını almağa çalışıb. Aleksey İsayev və Timoteuş Puxaçın aktivliyi ilə rəqib qapısı önündə təhlükəli anlar yaransa da, Coy-Lans Mikkels və Aaron Maludanın başla zərbələri ilk hissədə hesabı açmağa kifayət etməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci yarıya daha sürətli başlayan “Sabah” axtardığı qolu 66-cı dəqiqədə tapıb. Puxaçın künc zərbəsindən ötürdüyü topu Velko Simiç dəqiq zərbə ilə rəqib toruna qovuşduraraq klubun Çempionlar Liqası tarihindəki ilk qolunun müəllifi olub: 1:0.
Qoldan sonra da təzyiqi azaltmayan “bayquşlar” 84-cü dəqiqədə fərqi ikiyə çıxarıblar. Bu dəfə ilk qolun müəllifi Simiç assistentlik edib; onun incə ötürməsini meydana sonradan daxil olan Kahim Perris soyuqqanlı şəkildə qola çevirib: 2:0.
Qarşılaşmanın son dəqiqələri gərgin anlarla yadda qalıb. 90+2-ci dəqiqədə rəqibin əks-hücumunun qarşısını qayda pozuntusu ilə kəsən müdafiəçi Stiv Solve ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Lakin qalan qısa müddətdə hesabı qorumağı bacaran “Sabah” meydandan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Uelsin Osvestri şəhərində keçiriləcək.
Sabah (Azərbaycan) – Nyu Sents (Uels) 2:0 (0:0)
Qollar: Velko Simiç (66), Kahim Perris (84)
“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Raxmonaliyev (Orfe Mbina, 60), Aleksey İsayev (Ksander Severina, 77), Velko Simiç, Aaron Maluda (Kahim Perris, 77), Coy-Lans Mikkels (Eydent Makkarti, 90+4)
“Nyu Sents”: Neitan Şeppard, Cek Bodenhem, Dainel Simeu, Den Uilyams, Daniel Redmond (k), Dominik Korness, Leo Smit, Oin Farrell, Ris Hyuz, Ben Klark (Rayan Brobbel, 68), Cordan Uilyams (Daniel Devis, 89)
Baş hakim: Patrik Qrickeviç (Polşa)
Sarı vərəqələr: Mikkels, Zedadka, C.Uilyams, Solve, D.Uilyams
Qırmızı vərəqə: Stiv Solve (90+2 – ikinci sarı vərəqə)