U-20 millimizin baş məşqçisi Ruy Jorje İraqla keçirilən ikinci yoxlama oyunundakı 2:1 hesablı qələbəni dəyərləndirib. Portuqaliyalı mütəxəssis komandanın inkişafı, futbolçuların fərdi hazırlığından və 2027-ci ildə ölkəmizdə təşkil olunacaq dünya çempionatına hazırlıq planlarından danışıb.
Jorje ikinci qarşılaşmanın ilk oyundan daha keyfiyyətli və mübarizəli keçdiyini bildirib. O, komandanın son 8-9 ayda müəyyən inkişaf yolu keçdiyini, lakin futbolçuların daha da irəliləməsi üçün davamlı çalışmağın vacibliyini vurğulayıb.
Baş məşqçinin sözlərinə görə, heyətdəki bütün futbolçular eyni səviyyədə olmasa da, hər biri inkişaf etməyə çalışır. O, məşq prosesində yol verilən səhvlərin üzərində işlədiklərini və əsas məqsədinin futbolçuları daha yüksək səviyyəyə çatdırmaq olduğunu qeyd edib.
Ruy Jorje Əli Bəşirovun İraqla oyunda əvəzlənməsinin fiziki yorğunluqla əlaqəli olmadığını da açıqlayıb. Mütəxəssis gənc futbolçunun yaxşı keyfiyyətlərə malik olduğunu və bu dəyişikliklərin onun inkişafına kömək edəcəyini bildirib.
2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatına gəlincə, portuqaliyalı məşqçi indidən komandanın konkret oyun üslubu barədə danışmağı tez hesab edir. Bununla belə, onun əsas hədəfi bəllidir: Azərbaycan xalqına qürur yaşatmaq və ölkə futbolunun potensialını dünyaya nümayiş etdirmək.
“Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi yaşasın. Əsas məqsəd dünyaya göstərməkdir ki, azərbaycanlılar da futbol oynamağı bacarır və yaxşı çıxış edirlər”, – deyə baş məşqçi bildirib.
Mütəxəssis komandanın hazırlıq səviyyəsindən müəyyən qədər razı qalsa da, görüləsi işlərin çox olduğunu düşünür. O, növbəti təlim-məşq toplanışlarının Azərbaycanda keçirilməsinə üstünlük verir. Lakin yanvar ayında hava şəraitinin əlverişsiz ola biləcəyini nəzərə alaraq, hazırlığın xaricdə təşkili də istisna edilmir.
Ruy Jorje FIFA-nın rəsmi oyun pəncərəsindən kənarda keçirilən toplanışa futbolçu göndərən klublara da təşəkkür edib. Xüsusilə “Sumqayıt”ın dörd futbolçusunu millinin sərəncamına verməsini qeyd edən baş məşqçi klubların dəstəyinin hazırlıq prosesi üçün əhəmiyyətini vurğulayıb və onların planlarına müdaxilə etdiklərinə görə üzrxahlığını bildirib.