“Xankəndi”nin baş məşqçisi Royal Nəcəfov I Liqanın 8-ci turunda “Karvan-Yevlax”a 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Mütəxəssis komandasının güclü rəqibə qarşı yaxşı mübarizə apardığını, lakin fərdi səhvin nəticəyə təsir etdiyini bildirib. O, fiziki hazırlıq və heyət dərinliyi ilə bağlı problemlərə də toxunub.
“Güclü rəqibə qarşı oynadıq. Fərdi səhvə yol verənə qədər hər şey planımıza uyğun gedirdi. Məğlubiyyətə görə futbolçuları günahlandırmaq istəmirəm. Göstərdikləri oyuna görə komandama təşəkkür edirəm. Maraqlı və yaxşı qarşılaşma alındı.
Komanda təlim-məşq toplanışını yaxşı keçirməyib. Buna görə də 60-70-ci dəqiqələrdən sonra fiziki baxımdan yoruluruq. Bu çatışmazlığı aradan qaldırmaq üçün zamana ehtiyacımız var. Ehtiyat oyunçular skamyamız da qısadır. Bu səbəbdən lazımi rotasiyalar edə bilmirik. Xüsusilə qış fasiləsində heyəti gücləndirməliyik”, – deyə Nəcəfov bildirib.
Baş məşqçi klub rəhbərliyi ilə görüşdə mövsümün hədəflərinin müəyyənləşdirildiyini də açıqlayıb. Onun sözlərinə görə, hazırkı mövsüm komanda üçün keçid xarakteri daşıyır: “Klub rəhbərliyi ilə görüşümüzdə bu mövsümün bizim üçün keçid dövrü olacağı barədə razılığa gəldik. Qarşımıza qoyulan əsas vəzifə I Liqada yerimizi qorumaq, imkan daxilində ilk beşliyə düşməkdir. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq”.