Braziliya futbolunun əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yenidən rəsmi futbol matçında meydana çıxıb. 46 yaşlı sabiq futbolçu İtaliya C Seriyasında çıxış edən “Ravennа”nın heyətində debüt edib.
Bu yay Ronaldinyonun “Ravenna”nın yeni futbolçusu kimi təqdim olunması böyük maraq doğurmuşdu. Əvvəlcə bunun sadəcə reklam xarakterli addım olduğu düşünülsə də, braziliyalı ulduzun meydana çıxması xəbərin həqiqət olduğunu göstərib.
Bazar günü “Forli” ilə derbi qarşılaşmasında Ronaldinyo komandasının start heyətində yer alıb. O, meydana 10 nömrəli forma ilə çıxıb. Veteran futbolçuya olan böyük maraq səbəbindən oyuna əlavə tribunalar da quraşdırılıb. “Gazzetta dello Sport”un məlumatına görə, qarşılaşmanı ümumilikdə 6500 tamaşaçı izləyib.
Xatırladaq ki, Ronaldinyo peşəkar karyerasını 2015-ci ildə Braziliyanın “Fluminense” klubunda başa vurub. O, bundan sonra yalnız xeyriyyə məqsədli futbol matçlarında iştirak edib. Karyerasının ən parlaq dövrünü isə “Barselona” və “Milan” kimi klublarda keçirib.
Onun futbola qayıdışının əsas səbəblərindən biri “Ravenna”nın sahibi İqnatsio Çipriani ilə yaxın münasibətləridir. Klub rəhbəri braziliyalı ulduza klubda pay da verib.
Bundan başqa, Ronaldinyonun qarşısına şəxsi hədəf də qoyduğu bildirilir: karyerası ərzində vurduğu qolların sayını 300-ə çatdırmaq. Hazırda onun hesabında 299 qol var.
Ronaldinyo 2005-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilib. O, 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub və karyerası ərzində çoxsaylı titullara sahib çıxıb.