Ukrayna millisinin sabiq baş məşqçisi Sergey Rebrov Yunanıstanın “Panatinaikos” klubunu çalıştırmağa əsas namizəddir. “Scorakias” nəşrinin məlumatına görə, 51 yaşlı mütəxəssis Afina təmsilçisinə “hə” desə rəhbərlik qarşısında bir neçə mühüm tələb qoyacaq.
Mənbə bildirir ki, “Panatinaikos” rəhbərliyi artıq ukraynalı çalışdırıcı ilə iki dəfə görüşüb. İlk danışıqlar İspaniyada, klubun idman direktorunun iştirakı ilə baş tutubsa, ikinci görüş birbaşa Yunanıstanda – “yaşıllar”ın prezidenti Yannis Alafuzosla reallaşıb.
Ukraynalı mütəxəssisin afinalılardan istəkləri isə bəllidir: 3 illik müqavilə və məşqçilər qərargahı da daxil olmaqla illik 2.2 milyon avro maaş. Üstəlik, Rebrov yunanlara qəti ultimatum verib – “Panatinaikos” qərarını cari ayın sonuna qədər açıqlamalıdır.
Hazırda “Panatinaikos” rəhbərliyi Rebrovla yanaşı alternativ variantları da nəzərdən keçirir. Namizədlər siyahısında Bruno Jeneziro, Loran Blan və Marselo Qalyardo kimi tanınmış isimlər var. Klubun hazırkı baş məşqçisi Rafa Benitesin isə mövsüm bitdikdən sonra postunda qalma ehtimalı olduqca aşağı qiymətləndirilir.
Qeyd edək ki, “Panatinaikos” hazırda Yunanıstan Superliqasında 51 xalla 4-cü pillədə qərarlaşıb.