“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans liqasının ikinci mərhələsinə vəsiqə uğrunda “Torpedo”ya qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis həm rəqiblə qarşıdakı çətin matçdan, həm komandanın fiziki durumundan, həm də Premyer Liqanın növbəti mövsümündəki iddialı hədəflərindən danışıb.
Bakıdakı ilk oyundan sonra komandasının üstünlüyə malik olduğunu qeyd edən baş məşqçi, rəqibin təcrübəsini yüksək qiymətləndirib: Bizi tanınmış və zəngin təcrübəyə malik klubla çətin qarşılaşma gözləyir. İlk oyundan sonra müəyyən üstünlüyə malikik. “Torpedo” keyfiyyətli heyətə, təcrübəli baş məşqçiyə və böyük azarkeş dəstəyinə sahibdir. Onların avrokubok təcrübəsi kifayət qədərdir və doğma meydanda qarşıdurmanın gedişatını öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Lakin biz buna tam hazırıq. Qarşıda bizi maraqlı 90 dəqiqə gözləyir. Ümid edirəm ki, mərhələ məsələsini elə əsas vaxtda həll edə biləcəyik”.
Sadıqov komandanın hələ optimal formada olmadığını və bunun üçün zamana ehtiyac duyduqlarını da gizlətməyib: “Mövsümün ilk rəsmi matçları həmişə çətin keçir. Bu oyunda fiziki planda ilk qarşılaşma ilə müqayisədə daha yaxşı vəziyyətdə olmaq istəyirik. Anlayırıq ki, rəqib öz evində Bakıdakından daha üstün futbol oynayacaq. Əgər mərhələni keçmək istəyiriksə, həm fiziki, həm də taktik baxımdan daha yaxşı təsir bağışlamalıyıq. Tam optimal formaya düşmək üçün isə bizə hələ 3-4 rəsmi oyun lazımdır”.
Mətbuat konfransında Rəşad Sadıqova “Zirə”nin növbəti mövsümdə Premyer Liqasındakı hədəfləri ilə bağlı da sual ünvanlanıb. Baş məşqçi çempionatda rəqabətin kəskin artacağını bildirərək, iddialı planlarını bölüşüb: “Qarşıda hələ 45-50 günlük transfer pəncərəsi var. Bu gün “Qarabağ” və “Sabah”ın hansı yüksək səviyyədə olduğunu hamımız yaxşı anlayırıq. Digər tərəfdən, ötənmövsümkü çıxışı və transfer bazarındakı aktivliyi ilə seçilən bir “Turan Tovuz” reallığı var. Eyni zamanda, “Neftçi”nin ilin əvvəlindən bəri nümayiş etdirdiyi ciddi yüksəlişi və inkişafı da kənara qoya bilmərik. Bu dörd komandanın növbəti mövsümdə çox iddialı hədəflər uğrunda mübarizə aparacağı bəllidir.
Məqsədimiz isə çempionatda birincilik, mükafatçı yerlər və daha yüksək pillələr uğrunda döyüşəcək beşinci kollektiv olmaqdır. Lakin bu hədəfə çatmaq üçün mütləq yaxşı və keyfiyyətli transferlər reallaşdırmalıyıq. Təbii ki, digər rəqibləri — “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ”ni də iddiaçıların sırasından silmək olmaz. Rəqabət dolu çox maraqlı mövsüm bizi gözləyir“.