“Mançester Siti” növbəti dəfə xal itkisi ilə üzləşib. Xosep Qvardiolanın yetirmələri bu dəfə “Brayton”la heç-heçəyə razılaşıblar – 1:1.
Matçın gedişatında Erlinq Holandın birinci hissənin sonunda vurduğu qolla önə keçən “şəhərlilər” üstünlüklərini qoruya bilməyiblər. “Qağayılar” 60-cı dəqiqədə Kaoru Mitomanın dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.
Bununla da “Mançester Siti” Premyer Liqada ardıcıl üçüncü matçda meydanı bərabərliklə tərk edib. Squawka statistika portalının məlumatına görə, bu, ispaniyalı mütəxəssisin məşqçilik karyerasında cəmi üçüncü belə haldır. Oxşar seriya daha əvvəl 2017-ci ilin aprelində və 2023-cü ilin dekabrında qeydə alınmışdı.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. İngiltərəyə gəlməzdən əvvəl “Barselona” və “Bavariya”nın baş məşqçisi olmuş təcrübəli mütəxəssisin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.