“Turan-Tovuz”un baş məşqçisi Qurban Berdiyev “Cappuccino & Catenaccio Show” YouTube kanalına müsahibəsində Azərbaycan futbolunun inkişafı, gənc istedadlar və Premyer Liqada legioner limitinin ləğvi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Təcrübəli mütəxəssis ölkəmizdə gənc futbolçuların potensialını yüksək qiymətləndirib: “Azərbaycan çempionatının əvəzedicilər liqasındakı bütün oyunları izləyirəm. Burada həqiqətən çox sayda istedadlı gənc var. Sadəcə, onların itib-batmaması üçün düzgün bir sistem formalaşdırmaq lazımdır”.
Legioner limitinin ləğvi ilə bağlı mövqeyini açıq şəkildə bildirən Berdiyev, bu qərarın çempionatın səviyyəsinə müsbət təsir etdiyini vurğulayıb: “Mən limitin tam əleyhinəyəm. Azərbaycanda limit aradan qaldırıldıqdan sonra səviyyə nəzərəçarpacaq dərəcədə yüksəldi. İndi autsayderlər belə liderlərdən xal ala bilir. Bu isə rəqabəti kəskinləşdirib. Yerli oyunçularımız indi daha çox əziyyət çəkməli olurlar – bu, bizim komandaya da aiddir. Əvvəllər heyətdəki yerləri qarant idi, indi isə forma şansı qazanmaq üçün meydanda “tər tökmək” məcburiyyətindədirlər. Hətta deyərdim ki, hazırda göstərdikləri əzmkar oyun sayəsində milli komandaya düşən futbolçularımız var. Əgər keçən ilki sistem davam etsəydi, onlar bu səviyyəyə çata bilməzdilər. Rahatlıq bitib, indi sadəcə zəhmət çəkmək lazımdır”.