UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiyev “Dinamo”su Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb. Kiyevlilər II tur çərçivəsində səfərdə “Veres”i 2:1 hesabı ilə məğlub ediblər.
“Qarabağ”la ilk oyundan sonra kiyevlilərin baş məşqçisi İhor Kostyuk heyətdə rotasiyalar olacağına işarə etmişdi. Bütün diqqətini Bakıdakı cavab qarşılaşmasına yönəldən “Dinamo” bu görüşdə gözləniləndən daha çox əziyyət çəkib.
Matçın 38-ci dəqiqəsində Oleksandr Tımçikin qolu ilə hesabı açan qonaqlar üstünlüyü çox qoruya bilməyiblər. İkinci hissənin başlanğıcında meydan sahibləri İqor Xaratinin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər – 1:1.
“Dinamo”nun oyundakı təzyiqi və kəsəri yalnız son 15-20 dəqiqədə – Vladislav Kabayev və Navin Malışın meydana daxil olmasından sonra hiss olunmağa başlayıb. Topsuz oyundakı intensivliyin artması və hücumlardakı dinamika fonunda “Veres” futbolçuları fiziki olaraq geriləməyə başlayıblar.
Qarşılaşmanın taleyi kompensasiya olunmuş vaxtda həll olunub. 90+2-ci dəqiqədə “Veres”in cərimə meydançasında qayda pozuntusuna görə təyin edilən penaltini Matvey Ponomarenko soyuqqanlıqla yerinə yetirərək komandasına çətinliklə qazanılan 3 xalı gətirib. Rivne təmsilçisinin geri dönüş üçün vaxtı qalmadığından, final fiti kiyevlilərin çətin qələbəsini rəsmiləşdirib.
Birinci turdakı “Livıy Bereq”lə oyunu təxirə salındığı üçün bu, kiyevlilərin yeni mövsümdə Ukrayna çempionatında keçirdiyi ilk qarşılaşma olub. Hazırda 3 xalı olan komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, “Dinamo” “Qarabağ”ı Kiyevdə 1:0 hesabı ilə məğlub edib. Bu rəqiblərin cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək. Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.