Dünya Çempionatının K qrupunda Portuqaliya və DR Konqo yığmaları qarşılaşıb. Matç portuqaliyalıların kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub. Meydana start heyətində çıxan 41 yaşlı hücumçu, dünya çempionatları tarixinə əsas heyətdə meydana çıxan ən yaşlı futbolçu kimi düşüb. Bu, əfsanəvi oyunçunun karyerasında 6-cı mundialdır.
Görüşə sürətli başlayan portuqaliyalılar artıq 6-cı dəqiqədə hesabı açdı. Pedru Netunun soldan ötürməsini Joau Neveş başla rəqib qapısına göndərdi. Erkam qoldan sonra geri çəkilməyən Konqo millisi ardıcıl təhlükəli hücumlar qursa da, Yoann Visa və Sedrik Bakambunun zərbələri dəqiq olmadı.
İlk hissənin sonlarına doğru Portuqaliya millisi hücumda və müdafiədə bəzi səhvlərə yol verdi. Bundan maksimum yararlanan afrikalılar uzatma dəqiqələrində (45+5) status-kvonu bərpa etdilər. Masuakunun künc zərbəsindən ötürməsini Yoann Visa başla tamamlayaraq hesabı bərabərləşdirdi.
İkinci hissədə portuqaliyalılar təzyiqi artırdılar. Joau Kanselunun qolu ofsayd səbəbindən ləğv edildi. Əvəzetmədən sonra oyuna daxil olan Fransisku Konseysaunun sağ cinahdan yaratdığı iki epizodda Ronaldu əlverişli mövqedən hədəfi dəqiq nişan ala bilmədi. Konqo millisi isə Bakambunun əks-hücumda vurduğu təhlükəli, lakin qeyri-dəqiq zərbəsi ilə yadda qaldı.
Matçın son dəqiqələrində Brunu Fernandeşin uzaq məsafədən cəhdləri də nəticə vermədi və Portuqaliya mundialdakı ilk oyununda gözlənilmədən xal itkisi ilə üzləşdi.
Dünya Kuboku, K qrupu, 1-ci tur
Portuqaliya – Konqo DR 1:1
Hyuston. “NRG” stadionu.
Hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
Portuqaliya: Diequ Koşta, Joao Kanselu, Arauxo, Veyqa, Nunu Mendeş (Semedu, 72), Joau Neveş, Vitinya (Ramos,83), Bernardu Silva (F. Konseysao, 46), Brunu Fernandeş, Pedru Netu (Leao, 71), Ronaldo.
Konqo DR: Mpazi-Nzau, Van-Bissaka (Kalulu, 85), Mbemba, Tuanzebe, Kapuadi, Masuaku (J. Kayembe, 74), Mutussami, Mukau (Sadiki, 57), E. Kayembe (Pikel, 74), Vissa, Bakambyu (Banza, 85).
Qollar: Joao Neveş, 6 (1:0). Vissa, 45+5 (1:1).
Sarı vərəqələr: B.Silva (13), Semedu (88), Arauxo (92) – Mbemba (32)