MLS-in rəsmi saytı “Çikaqo Fayr”ın yeni ulduzu Robert Levandovskinin növbəti matçdakı performansını bu sözlərlə qiymətləndirib: “Polşalı əfsanə ustalığını göstərdi”.
Təcrübəli hücumçu MLS çərçivəsində “Şarlott”a 2:1 hesabı ilə qalib gəldikləri matçda dubl edərək komandasına vacib 3 xal qazandırıb. Bu, Polşa millisinin kapitanının yeni klubunda keçirdiyi 3-cü oyunda vurduğu ilk qollar olub.
Səfərdə “Inter Mayami” və “Nyu-York Siti” məğlubiyyətlərindən sonra azarkeşləri önünə ilk dəfə çıxan Levandovski “Soljer Fild” stadiyonundakı debütündə fırtına kimi əsib. Pep Bilyanın qolu ilə geriyə düşən “Çikaqo Fayr” polşalı hücumçunun cərimə meydançasının kənarından vurduğu baxımlı qolla hesabı bərabərləşdirib. İkinci hissədə isə qələbə qoluna imza atan 37 yaşlı forvard komandasını darmadağından xilas edib.
Bu dublla Levandovski “Çikaqo Fayr”ın tarixində ev debütündə iki qol vuran 4-cü futbolçu olub. Sonuncu dəfə bu göstəriciyə 18 il əvvəl (2008-ci ildə) nail olunmuşdu.
Qarşılaşmadan sonra “Çikaqo Fayr”ın baş məşqçisi Qreq Berhalter təcrübəli hücumçunun oyununu yüksək qiymətləndirib: “Bu keyfiyyətə çox nadir hallarda rast gəlinir. Levandovski dinamik, ağıllı və oyunu mükəmməl oxuyan yüksək səviyyəli ustadır. Ən əsası isə, o, cərimə meydançasında amansız bir “qatil”dir. Ümid edirəm ki, bu, hələ başlangıcdır”.
Çikaqo təmsilçisi MLS-də növbəti matçını avqustun 16-da “Portlend Timbers”ə karşı keçirəcək. Bunadək isə komanda Şimali Amerika Liqa Kubokunda Meksikanın “Nekaksa” klubu ilə üz-üzə gələcək.