Paris polisi UEFA Çempionlar Liqasının III turunda PSJ ilə “Barselona” arasında keçiriləcək oyunun təxirə salınmasını istəyib. İspaniyanın “Sport” nəşrinin məlumatına görə, buna Fransada kütləvi etirazlar və yeni zorakılıq hadisələri ilə bağlı narahatlıqlar səbəb olub. Qarşılaşma zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də nəzərdə tutulur.
Fransanın bir sıra şəhərlərində etirazlar iğtişaşlara çevrilib, yanğınlar və talan halları qeydə alınıb. Narazılıqlar əvvəlcə təhsil problemləri ilə bağlı başlasa da, sonradan yaşayış xərclərinin artması, yanacağın bahalaşması və hökumətin siyasətinə etiraz edən digər sosial qrupları da əhatə edib.
Gərginliyə baxmayaraq, Fransa polisi “Barselona”nın Parisdə təhlükəsizliyinin təmin olunacağına dair kataloniyalı həmkarlarını əmin edib. Bununla belə, matçın təxirə salınması ilə bağlı müraciətin taleyi barədə hələlik məlumat yoxdur.