UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Polşanın “Lex” klubunu mübarizədən kənarlaşdıran Danimarkanın “Orxus” komandasının prezidenti Yakob Nilsen oyundan sonra səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Poznan təmsilçisi ilk oyunda səfərdə 4:1 hesablı qələbə qazansa da, doğma meydanda eyni hesabla uduzub. Əlavə vaxtda komandalar hərəyə bir qol vurduqdan sonra qalib penaltilər seriyasında müəyyənləşib və “Orxus” növbəti mərhələyə yüksələrək Azərbaycan çempionu “Sabah”a rəqib olub.
Məğlub olan “Lex” isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşacaq. Matçdan əvvəl məhz Farer təmsilçisinin mərhələ adlayacağı gözlənildiyindən, “Orxus” prezidenti səfərlə bağlı maraqlı etiraf edib.
Yakob Nilsen zarafatla bildirib: “Etiraf etməliyəm ki, Farer adalarına səfəri planlaşdırmağa xeyli vaxt sərf etmişdim. Ora uçuş təşkil etmək çox çətindir – nə uyğun təyyarə, nə də otel tapılırdı. Kimsə bu səfəri təşkil etmək istəsə, artıq bu işin ustasına çevrilmişəm. Amma düşünürəm ki, hazırda “Lex”də heç kimin bunu dinləməyə həvəsi yoxdur”.
Nielsenin bu sözləri Polşa mətbuatında geniş rezonans doğurub və “Lex”in gözlənilməz məğlubiyyətinə ünvanlanmış istehzalı mesaj kimi qiymətləndirilib.