Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm üçün topladığı xalların sayı rekord həddə – 3,375-ə çatıb.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına əsasən, tarixi nailiyyətə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda imza atılıb. Ağdam təmsilçisi “Qarabağ” səfərdə Niderlandın “Tvente” klubunu 1:0 hesabı ilə məğlub edərək ölkə reytinqinə vacib töhfə verib. Bu qələbədən sonra ağdamlıların cari mövsüm üçün əmsalı 1,250-yə yüksəlib və komanda bu göstəricidə “Sabah”a çatıb. Digər avrokubok iştirakçılarımızdan “Zirə” cari mövsümdə 0,625, “Neftçi” isə 0,250 xal toplayıb.
Qeyd olunan göstərici Azərbaycan klublarının əsas mərhələlərə (qrup və ya liqa mərhələsi) qədər olan dövr üçün mütləq rekordudur.
Bundan əvvəlki maksimum nəticə – 3,125 xal 2015/2016-cı illər mövsümündə qeydə alınmışdı. 11 ildən sonra yenilənən bu rekord cavab matçlarındakı nəticələrdən asılı olaraq daha da arta bilər.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonus xalları nəzərə alınmadan ən çox xal qazanan iki ölkədən biridir (eyni göstəriciyə Latviya da sahibdir).
Ümumi siyahıda 6-cı yeri bölüşən Azərbaycan və Latviya yalnız əsas mərhələlərin bonus xalları hesabına önə çıxan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərə kimi aparıcı ölkələrdən geri qalırlar.
Cavab görüşlərindən sonra reytinq xallarımızı daha da artırmaq üçün təmsilçilərimizə uğurlar arzulayırıq! Avrokuboklardakı növbəti qarşılaşmalar barədə operativ məlumatları izləməyə davam edin.