Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. İlk oyun günündə beş qarşılaşma keçirilib. Premyer Liqanın dörd təmsilçisi mübarizəyə qoşulub və onların dördüdə 1/8 finala yüksəlib.
Günün ən böyük hesabı Sumqayıtda qeydə alınıb. “Sumqayıt” aşağı liqa təmsilçisi “Kür-Araz”ı 11:0 hesabı ilə darmadağın edib. Görüşdə Süleymanlı het-trikə imza atıb, N. Əhmədzadə isə dubl edib. Orucov, Kahat, Badolo, Vaskes, Mustafayev və Orucalı da qələbəyə töhfə veriblər.
“Qəbələ” doğma meydanda “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib. Şəkərxanov, Çekiçi və Silva ilk hissədə vurduqları qollarla komandasına növbəti mərhələyə vəsiqə qazandırıblar.
“Zirə” ilə “Səbail”in qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurublar və qalib penalti seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Zirə” 3:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Görüşdə “Səbail”in heyətində Soares, “Zirə”də isə Quima dubl edib.
“Araz-Naxçıvan” səfərdə “Şimal”ı 6:0 hesabı ilə məğlub edib. Salyanski iki dəfə fərqlənib, Muradov, Rzayev və İsgəndərov isə hərəyə bir qol vurublar. Daha bir qolun müəllifi isə Salyanski olub. Günün digər matçında “Marafon” “Zaqatala”nı 1:0 hesabı ilə üstələyib. Görüşün taleyini 59-cu dəqiqədə Allahverdiyevin vurduğu qol həll edib.
II təsnifat mərhələsinin digər oyunları
Oktyabrın 28-də daha beş qarşılaşma keçiriləcək:
14:00 “İmişli” – “Qaradağ-Lökbatan”
14:00 MOİK – “Şahdağ-Qusar”
14:00 “Haypers” – “Şamaxı”
16:00 “Şəfa” – “Ağstafa Gəncləri”
19:00 “Kəpəz” – “Baku Sportinq”
Oktyabrın 29-da isə “Xankəndi” – “Gəncəbəsər” və “Zəngəzur” – “Karvan-Yevlax” görüşləri baş tutacaq.
Azərbaycan Kubokunun 1/8 final cütləri
“Sabah” – “İmişli” – “Qaradağ-Lökbatan” cütünün qalibi
“Qarabağ” – “Sumqayıt”
“Turan-Tovuz” – “Kəpəz” – “Baku Sportinq” cütünün qalibi
“Neftçi” – “Şəfa” – “Ağstafa Gəncləri” cütünün qalibi
“Araz-Naxçıvan” – “Marafon”
“Qəbələ” – MOİK – “Şahdağ-Qusar” cütünün qalibi
“Xankəndi” – “Gəncəbəsər” cütünün qalibi – “Haypers” – “Şamaxı” cütünün qalibi
“Zirə” – “Zəngəzur” – “Karvan-Yevlax” cütünün qalibi