Monteneqronun Budva şəhərində şahmat üzrə Avropa klubarası çempionatına yekun vurulub. Turnirdə ölkəmizi təmsil edən qadınlardan ibarət “Odlar Yurdu” komandası arasında 4-cü, “Vüqar Həşimov” isə kişilərin yarışında 10-cu yeri tutub.
Yarışın VII və son turunda “Vüqar Həşimov” Türkiyənin “Paşa” klubunu böyük hesabla məğlub edib – 5,5:0,5. “Odlar Yurdu” isə Serbiyanın “Sirmium Sremska Mitrovitsa” komandasına 0,5:3,5 hesabı ilə uduzub.
Yekun nəticələrə əsasən, hər iki klubumuz 10 xal toplayıb. “Odlar Yurdu” qadın komandalarının mübarizəsində 4-cü, “Vüqar Həşimov” isə kişilərin yarışında 108 komanda arasında 10-cu yeri tutub. Şəhriyar Məmmədyarovun da çıxış etdiyi Türkiyənin “Beyegan Pendik” klubu 13 xalla turnirin qalibi olub.
Reytinq göstəricilərinə görə də təmsilçilərmiz yarışın favoritləri sırasında yer alırdı. 22 komandanın iştirak etdiyi qadınların turnirində “Odlar Yurdu” 5-ci, kişilərin yarışında isə “Vüqar Həşimov” 8-ci sırada qərarlaşmışdı.
“Vüqar Həşimov” komandasının heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Mənafov və Kənan Qarayev yer alıblar. “Odlar Yurdu”nu isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparıblar.