Misir millisinin dünya çempionatının 1/8 finalına tarixi yüksəlişindən sonra meydanda gözlənilməz hadisələr yaşanıb. Komandanın baş məşqçisi Xosam Hasanın yaşıl meydana Fələstin bayrağı ilə çıxması və oyundan sonrakı açıqlamaları, yəqin ki, Donald Trampın heç də ürəyincə olmayacaq.
Dünya çempionatının 1/16 final mərhələsində Avstraliya ilə qarşılaşan Misir millisi gərgin mübarizəyə səhnə olub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da tarazlıq pozulmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “fironlar” qələbəni bayram edərək, ölkə futbolu tarixində ilk dəfə mundialın bu mərhələsinə adlaya biliblər.
Final fitindən cəmi bir neçə dəqiqə sonra baş məşqçi Xosam Hasan bütün diqqətləri özünə çəkib. Misir seçməsinin çalışdırıcısı əlində Fələstin bayrağı ilə meydana daxil olaraq tribunalardan keçib. O, mətbuata verdiyi müsahibədə bu addımını belə şərh edib: “Burada əldə etdiyimiz hər bir uğur Misir xalqının və bütün ərəb dünyasının rifahı naminədir. Fələstinlilər mənim üçün çox önəmlidir, qəlbim və ruhum onlarladır. Onların da bizim qələbəmizə sevindiyini bilirəm. Allah onlara zəfər nəsib etsin, şəhidlərinə rəhmət eləsin. Mən bu qələbəni Misir və Fələstin xalqına həsr edirəm”.
Almaniyanın nüfuzlu “Bild” nəşrinin qeyd etdiyinə görə, Hasan bu hərəkəti ilə FIFA-nın dünya çempionatları zamanı siyasi şüarların və simvolların istifadəsini qadağan edən nizamnaməsini pozub.Şübhəsiz ki, baş verənlər və səsləndirilən bu fikirlər ABŞ-ın keçmiş prezidenti Donald Trampın narazılığına səbəb olardı. İsrail-Fələstin münaqişəsində açıq şəkildə İsraili dəstəkləyən Tramp, rəsmi Vaşinqtonun rəhbəri olduğu dönəmdə də Fələstin dövlətini heç vaxt tanımayıb və bu məsələdə kəskin bəyanatlardan hər zaman qaçıb.