Dünya çempionatının 1/8 finalında Argentinaya qarşı 2:0 önə keçməsinə baxmayaraq, son dəqiqələrdə buraxılan qollarla 2:3 hesablı məğlub olan Misir millisinində sular durulmur. Şimali afrikalıların baş məşqçisi Hossam Hassan matçdan sonra keçirilən mətbuat konfransında FİFA-nı və hakimliyi hədəf alan çox sərt və qalmaqallı bəyanatlarla çıxış edib.
Sonucdan qorxmadığını bildirən Hassan, qarşılaşmanın əvvəlcədən planlaşdırıldığını iddia edib: “Nəticəsi nə olursa-olsun, düşündüklərimi açıq şəkildə deyəcəyəm. Bu, açıq-aşkar ssenarisi əvvəlcədən qurulmuş bir oyun idi və bütün dünya bunu canlı izlədi. Sizə bir söz deyim: əgər Argentinanın dünya çempionu olmasını bu qədər çox istəyirlərsə, onda digər komandaları bu turnirə ümumiyyətlə niyə dəvət edirlər?!”
Təcrübəli mütəxəssis iddialarını daha da böyüdərək, futbolun pərdəarxası maraqlara qurban verildiyini və komandasına qarşı böyük ədalətsizlik edildiyini vurğulayıb. Bu turnirdə hər şeyin gəlirlərə və pula söykəndiyini iddia edən Hossam Hassan, yeganə məqsədin Lionel Messini nəyin bahasına olursa-olsun turnirdə saxlamaq olduğunu bildirib. Baş məşqçi, təəssüf ki, futbolda şəxsi və korporativ maraqlara görə yaşıl meydandan kənarda çox şeylərin idarə olunduğunu diqqətə çatdıraraq, həmin qarşılaşmada şahidi olduqlarının tam bir ədalətsizlik nümunəsi olduğunu qeyd edib.