İtaliya futbolunun və “Milan”ın canlı əfsanələrindən olan Franko Barezi 66 yaşında vəfat edib.
Bu barədə “Milan” klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Klubun bəyanatında Barezinin itkisinin böyük sarsıntı olduğu vurğulanıb: “Klubun ürəyi və ruhu olan bir insanın itkisini elan etmək olduqca ağırdır. Franko Barezinin xatirəsini yaşatmaq hər bir “Milan” üzvünün və azarkeşinin borcudur”.
Əfsanəvi müdafiəçi cəmi bir neçə ay əvvəl Milanın “San Siro” stadionunda keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlini daşıyaraq azarkeşlərin qarşısına çıxmışdı.
Franko Barezi peşəkar karyerasının tamamını “Milan”da keçirib. O, 20 mövsüm ərzində “rossoneri”nin formasını geyinib, bunların 15-də komandanın kapitanı olub. Təcrübəli müdafiəçi klubla 6 dəfə A seriyasının qalibi olub və 3 UEFA Çempionlar Kuboku (Çempionlar Liqasl) qazanıb.
Barezi “Milan”ın heyətində 719 rəsmi oyuna çıxıb. Bu göstərici uzun illər klub rekordu olsa da, sonradan yalnız digər əfsanəvi futbolçu Paolo Maldini tərəfindən geridə qoyulub.
O, 1982-ci ildə İspaniyada keçirilən mundialda çempion olsa da, turnirdə meydana çıxmayıb. Daha sonra isə 1994-cü il dünya çempionatında İtaliya yığmasının kapitanı kimi finala yüksəlib. Həmin həlledici görüşdə komanda Braziliyaya penaltilər seriyasında məğlub olub və Barezi ilk penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
İtaliya millisinin heyətində ümumilikdə 81 oyun keçirən Franko Barezi 2020-ci ildən etibarən “Milan”ın fəxri vitse-prezidenti vəzifəsini icra edirdi.