UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan “Hapoel Beer-Şeva”nın təcrübəli kapitanı Migel Vitor oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 37 yaşlı müdafiəçi Azərbaycan çempionu ilə qarşılaşmanın gərgin keçəcəyini vurğulayaraq şansları bərabər qiymətləndirib.
Təcrübəli futbolçu böyük turnir həyəcanını yenidən yaşadığı üçün şad olduğunu bildirib: “Yenidən bu həyəcanı hiss yaşayacağm üçün çox xoşbəxtəm. Məhz bu cür səviyyəli oyunlara görə hələ də futbol oynayıram. Çempionlar Liqasının əsas mərhələsində çıxış etmək hər bir futbolçunun arzusudur. Ümid edirəm ki, son addımı da ataraq məqsədimizə çatacağıq”.
Komandasının Avropa təcrübəsinə arxalandığını qeyd edən kapitan oyunun taktiki incəliklərinə də toxunub: “Bu cür məsuliyyətli qarşılaşmaların taleyini kiçik detallar həll edir. Biz buraya qədər gəldiyimiz futbol üslubumuza sadiq qalmalıyıq. Üzərimizdəki təzyiq artsa da, öz oyunumuzu nümayiş etdirməliyik. Bu matç ‘Srvena Zvezda’ ilə görüşdən fərqli olacaq, şanslar 50/50-yədir”.
Müdafiəçi azarkeş dəstəyinin vacibliyini nəzərə çatdıraraq komandanın əsas hədəfini bəyan edib: “Vaxtilə Avropa Liqasında ‘İnter’ə qarşı oynayanda azarkeşlərimizin yaşadığı coşğunu yaxşı xatırlayıram. Təəssüf ki, doğma şəhərimizdə oynaya bilmirik. Lakin hər şeyə baxmayaraq, tərəfdarlarımıza Çempionlar Liqası sevincini bəxş etməyi çox istəyirik.”