Dünyanın ən titullu futbolçularından biri olan Lionel Messi növbəti dəfə xeyriyyəçilik addımı ilə diqqət mərkəzinə düşüb. Madrid Muxtar Birliyinin prezidenti İsabel Dias Ayuso təcrübəli hücumçunun son həftələrdə paytaxt bölgəsində baş verən meşə yanğınlarının fəsadlarını aradan qaldırmaq üçün 80 min avro iyanə etdiyini açıqlayıb.
Region rəhbəri argentinalı ulduzun bu addımını yüksək qiymətləndirib: “Leo Messi Madridin Syerra-Oeste bölgəsinin bərpası üçün 80 min avro ayırıb. Ona dərin təşəkkürümü bildirirəm. Madrid sakinləri tezliklə onu yenidən burada qarşılamağa və layiqli ehtiramını göstərməyə ümid edirlər”.
Bu, Messinin İspaniyadakı ilk xeyriyyə yardımı deyil. Təcrübəli hücumçu bu yay İspaniyanın digər bölgələrində, xüsusən də Valensiyada dağıdıcı fırtınadan sonra baş verən meşə yanğınları ilə mübarizə üçün Qırmızı Xaç Cəmiyyətinə də maliyyə dəstəyi göstərib. Bundan əlavə, o, Barselonadakı “Sant Joan de Deu” xəstəxanasının Uşaq Onkoloji Mərkəzinə 3 milyon avrodan çox iyanə ayırması ilə yadda qalıb.