Argentina prokurorluğu futbolçu Mauro İkardi barəsində 11 yaşlı qızına fiziki zor tətbiq etməsi iddiası ilə araşdırmaya başlayıb. Polis “İnter” və PSJ-nin sabiq hücumçusunun Nordeltadakı evində axtarış aparıb. İkardi isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
İş futbolçunun keçmiş həyat yoldaşı Vanda Naranın polisə müraciətindən sonra açılıb. “Infobae” portalının məlumatına görə, Nara cümə günü təcili yardım xidmətinə zəng edərək İkardinin qızını təhqir etdiyini və otağa kilidlədiyini bildirib. Daha sonra qız kompüter vasitəsilə anasına mesaj yazaraq evdə tək qaldığını, qorxduğunu və atasının onu döydüyünü xəbər verib.
Polis protokolunda qızın evdən təkbaşına çıxdığı və anasına təhvil verildiyi qeyd olunub. Onun kiçik bacısı da Nara ilə birlikdə gedib. Həmin vaxt evdə olan İkardi isə polis əməkdaşları ilə danışmaqdan imtina edib.
Prokuror Xulio Petrukki futbolçu barəsində yüngül bədən xəsarəti yetirmə şübhəsi ilə cinayət işi açıb və qızın tibbi müayinədən keçirilməsini tələb edib. Məhkəmə İkardiyə 45 gün müddətində qızına yaxınlaşmağı və onunla hər hansı formada əlaqə saxlamağı qadağan edib.
Bazar günü məhkəmənin qərarı ilə futbolçunun evində axtarış aparılıb. Argentina mətbuatının yazdığına görə, axtarış zamanı onun mobil telefonu, məktəb çantası və qızın anasına mesaj göndərdiyi noutbuk götürülüb.
Həmin gün məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək İkardinin sərbəst qalmasına və özünü müstəqil müdafiə etməsinə icazə verib. Məhkəmə sənədlərinə əsasən, irəli sürülən ittiham üzrə onu 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.
İkardinin vəkilləri futbolçunun “Instagram” hesabında yaydığı açıqlamada onun qızına qarşı heç vaxt fiziki zorakılıq tətbiq etmədiyini bildiriblər. Müdafiə tərəfi təcili xidmətlərin hesabatında hər hansı xəsarətin qeydə alınmadığını vurğulayıb və evdə aparılan axtarışı əsassız adlandırıb.
“Bu cihazların ekspertiza tərəfindən araşdırılmasında ilk maraqlı tərəf elə biz olmuşuq”, – deyə vəkillərin açıqlamasında bildirilib.
Müdafiə tərəfi, həmçinin mediadan qızların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.
Mauro İkardi ilə Vanda Naranın nikahı uzun müddət davam edən mübahisələrdən sonra boşanma ilə başa çatıb. Cütlüyün fikir ayrılıqları əsasən uşaqların qəyyumluğu, əmlak bölgüsü və aliment məsələləri ilə bağlı olub.