“Milli komandanın forması həyatınızın qadını kimidir. Əgər onu itirirsinizsə, deməli, böyük xəta etmisiniz”.
Səudiyyə Ərəbistanındakı müqaviləsini yarımçıq qoyaraq yenidən İtaliya millisinin baş məşqçisi postuna qayıdan Roberto Mançini təqdimat mərasimində ilk çıxışına məhz bu sözlərlə başlayıb. 61 yaşlı mütəxəssis daha sonra azarkeşlərdən üzr istəyərək itirilmiş etimadı yenidən qazanmaq üçün əlindən gələni edəcəyini bildirib.
Dördqat dünya çempionu İtaliya millisi son illərdə dərin böhran yaşayır. “Skuadra Adzurra” ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Yığmanın son böyük uğuru isə məhz Mançininin rəhbərliyi altında qazanılan AVRO-2020 çempionluğu olub. Lakin bu zəfərdən cəmi iki il sonra onun gözlənilmədən Səudiyyə Ərəbistanına yollanması İtaliya futbol ictimaiyyətində ciddi narazılıq və tənqid doğurmuşdu.
Aprelin əvvəlində Cennaro Qattuzonun Bosniya və Herseqovinaya məğlubiyyətdən sonra istefa verməsi yığmanı baş məşqçisiz qoymuşdu. Bir neçə həftə davam edən axtarışlardan sonra İtaliya Futbol Federasiyası yenidən Mançiniyə etimad göstərib.
Bu dəfə təcrübəli mütəxəssis tək çalışmayacaq. “Roma”dakı fəaliyyətini başa vuran 74 yaşlı Klaudio Ranyeri milli komandanın texniki direktoru təyin olunaraq məşqçilər korpusuna qoşulub.
Mançininin azarkeşlərin etimadını bərpa etmək üçün ilk imkanı sentyabrın sonlarında yaranacaq. İtaliya millisi UEFA Millətlər Liqasında Belçika, Türkiyə və Fransa ilə qarşılaşacaq.