“Mançester Yunayted” rəhbərliyi Maykl Kerrikin gələcəyini müzakirə edir. “Bornmut”a evdə 0:3 hesablı məğlubiyyətdən sonra ingilis mütəxəssisin vəzifəsində qalması sual altına düşüb.
İngiltərə mətbuatının məlumatına görə, Mançester təmsilçisi son üç ildə dördüncü baş məşqçinin təyinatına hazırlaşır. Namizədlər arasında Eddi Hau, Yulian Nagelsmann, Antonio Konte və Fabian Hürzelerin adları hallanır. Bununla belə, Hürzelərin mövsümün ortasında “Brayton”dan ayrılmaq istəmədiyi bildirilir.
“The Guardian”ın yazdığına görə, Eddi Hau əsas namizədlərdən sayılır. “Mançester Yunayted”in idman direktoru Ceyson Uilkoksun İngiltərə Premyer Liqasında zəngin təcrübəyə malik mütəxəssisə böyük rəğbət bəslədiyi qeyd edilir. Hau yayda “Nyukasl”dan ayrılıb.
“Independent” isə Yulian Nagelsmannın klubun digər rəhbər şəxsi Kristofer Vivelllə münasibətlərinə diqqət çəkir. Onlar daha əvvəl “RB Leyptsiq”də birlikdə çalışıblar. Almaniya klubu da keçmiş baş məşqçisinin xidmətində maraqlı ola bilər.
Antonio Konte isə “Mançester Yunayted”lə danışıqlar apardığı barədə yayılan xəbərləri təkzib edib. İtaliyalı mütəxəssis belə bir əməkdaşlığın yalnız onun üçün uyğun şərait yaradılacağı təqdirdə mümkün ola biləcəyini bildirib.
“Sky Sports”un eksperti Ceymi Karrager isə “Mançester Yunayted”in baş məşqçi postunda tamam başqa mütəxəssisi görmək istəyir. Onun fikrincə, hazırda Premyer Liqanın ən yaxşı məşqçisi “Aston Villa”nın çalışdırıcısı Unay Emeridir.“Düşünürəm ki, Emeri Premyer Liqanın ən yaxşı baş məşqçisidir. Yəqin ki, onun əsas hədəflərindən biri Çempionlar Liqasını qazanmaqdır. Ancaq “Aston Villa” ilə buna nail olması çətin görünür”, – deyə Karrager bildirib.