Finlandiya futbolunun canlı əfsanəsi Yari Litmanen hamını təəccübləndirən qərarla peşəkar karyerasına fasilədən sonra yenidən start verib. 2011-ci ildə karyerasını bitirdiyini elan edən 55 yaşlı veteran futbolçu, Estoniyanın dördüncü divizionu təmsilçisi “JK Tallinna Kalev III” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Uzun illərdir Estoniyada yaşayan Litmanen əslində bu komandaya yad sima deyil. O, ötən mövsümün finalında “Zapoos” kollektivinə qarşı (2:3) keçirilən matçda qonaq oyunçu statusu ilə 34 dəqiqə meydanda olub. Həmin görüşü unudulmaz edən isə Yarinin öz oğulları – 18 yaşlı Bruno və 20 yaşlı Karo ilə birlikdə eyni komandada çıxış etməsi idi.
Təcrübəli oyunçu bu qərarını belə şərh edib: “Təbii ki, yaşımı nəzərə alsaq, bütün 90 dəqiqəni meydanda olmayacağam. Lakin yenidən futbol oynamaq, xüsusilə də oğullarımla eyni formanı tərlətmək inanılmaz hissdir. Bu, mənim futbol arzularımın zirvəsidir”.
Finlandiya Futbol Federasiyası tərəfindən ölkə tarixinin ən böyük futbolçusu seçilən Litmanen, dünya futbolunda silinməz izlər qoyub. Karyerası ərzində “Ayaks”, “Barselona”, “Liverpul”, “Malmö” və “Fulhem” kimi nəhənglərin uğurları üçün çalışıb. 1989-2010-cu illər aralığında Finlandiya yığmasının heyətində 137 oyuna çıxaraq 32 qol vurub.
Dövlət səviyyəsində də yüksək qiymətləndirilən idmançıya 2020-ci ildə Finlandiya Prezidenti Sauli Niinistö tərəfindən dövlət mükafatı təqdim olunub. Hələ 1995-ci ildə isə onun şərəfinə ölkəsində xüsusi poçt markası buraxılıb.Qeyd edək ki, “Kral” ləqəbli Litmanenin rəsmi müqaviləli oyunçu kimi ilk matçı bu bazar ertəsi “Rae Spordikool” komandasına qarşı baş tutacaq.