Robert Levandovskinin növbəti dayanacağı bəlli olub. Polşalı ulduz hücumçu karyerasının son illərini MLS-də, “Çikaqo Fayr” klubunda keçirməyə qərar verib. Çikaqo təmsilçisi təcrübəli forvarda təqdim etdiyi genişmiqyaslı layihə ilə bu transferi bitirməyi bacarıb.
“Przegląd Sportowy Onet” nəşrinin yaydığı məlumata görə, müqavilənin maliyyə şərtlərinə əsasən, Levandovski soyadı ilə satılacaq hər formadan faiz alacaq.
Bu keçiddə futbolçunun xanımı Anna Levandovskayanın biznes planları həlledici rol oynayıb. ABŞ bazarına çıxmağı hədəfləyən Annanın şəxsi kosmetika brendi tezliklə Amerikanın nəhəng pərakəndə satış şəbəkələrində yer alacaq. Danışıqlara yaxın mənbə bildirir:
“Çikaqo rəhbərliyi Levandovskini hər addımda dəstəkləyərək, onun komandanın əsas ulduzu olacağına zəmanət verdi. Eyni zamanda, xanımının biznesi üçün yaradılan şərait bu transferdə əsas vizit kartı oldu”.
Müqavilənin rəsmən gələn həftənin ilk günlərində elan olunacağı gözlənilir.