“Latsio”nun 70 634 azarkeş tutumu olan ev stadionu “Olimpiko” yeni mövsümdə tamamilə boş qala bilər. İtaliya mətbuatının məlumatına görə, komanda azarkeşlərinin 93 faizdən çoxu mövsümlük abonementlərin müddətini uzatmamaq qərarına gəlib.
Bu addım klubun çoxillik sahibi Klaudio Lotitoya qarşı davam edən etirazların növbəti təzahürüdür. Keçən mövsümün ikinci yarısından etibarən boykota başlayan fanat qrupları, digər azarkeşləri də mövsümlük bilet almamağa, komandanı yalnız səfər oyunlarında dəstəkləməyə çağırırlar.
Ötən mövsüm A Seriyasını 9-cu pillədə başa vuran “Latsio”, 2010-cu ildən bəri ən uğursuz nəticəsini göstərib. 2004-cü ildə klubu müflisləşməkdən xilas edən 69 yaşlı Lotitoya qarşı narazılıqlar illərdir artmaqdadır. 2006-cı ildəki danışılmış oyunlar qalmaqalına görə bir neçə aylıq cəzalandırılan funksioner, son dövrlərdə aparıcı futbolçuları satmaqda və klubun inkişafını tormozlamaqda ittiham olunur.
Ötən il Lotito ilə münaqişə yaşayan baş məşqçi Mauritsio Sarri müqaviləsini pozaraq “Atalanta”ya üz tutdu. Yeni mövsüm ərəfəsində isə “Latsio”nun sükanı arxasına İtaliya millisindən ayrılan Cennaro Qattuzo gətirilib.