Millətlər Liqasının Kosovo – İsrail oyunu öncəsi keçirilən mətbuat konfransında diqqətçəkən hadisə yaşanıb. Kosovo jurnalisti İsrail millisinin baş məşqçisi Ran Ben Şimonu ölkəsinin Qəzzadakı hərbi əməliyyatları və beynəlxalq futbol yarışlarında iştirakının mənəvi tərəfi ilə bağlı sualla üz-üzə qoyub. Lakin mütəxəssis suala cavab verməyib. Hadisənin görüntülərini İsrailin “Sport5” telekanalı yayımlayıb.
Jurnalist sualını FİFA və UEFA-nın Rusiyanı Ukraynaya qarşı müharibə və mülki əhali arasında itkilərlə əlaqədar beynəlxalq futbol yarışlarından kənarlaşdırması ilə əlaqələndirib.
“Ölkəniz Qəzzada soyqırımı törətdiyi və minlərlə uşağın ölümünə səbəb olduğu halda, İsrailin beynəlxalq futbol yarışlarında iştirak etməsini mənəvi baxımdan düzgün hesab edirsinizmi?” – deyə jurnalist soruşub.
Əvvəlcə ona sualını komandanın kapitanına ünvanlamalı olduğu bildirilib. Jurnalist isə sualını təkrarlayaraq, konkret olaraq baş məşqçinin mövqeyini öyrənmək istədiyini vurğulayıb.
“Futbolla bağlı sualınız var? Axı biz burada futbol haqqında danışmaq üçün toplaşmışıq”, – deyə ona cavab verilib.
Jurnalist isə Rusiyanın da eyni arqumentlə beynəlxalq yarışlardan kənarlaşdırıldığını xatırladaraq, Ben Şimondan sualına konkret – “bəli” və ya “xeyr” cavabı verməsini istəyib.
Bundan sonra sualın futbolla əlaqəli olmadığı bildirilib və mətbuat konfransında növbəti suala keçilib. İsrail millisinin baş məşqçisi isə müzakirəyə qoşulmayaraq, hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, Kosovo və İsrail milliləri arasında Millətlər Liqasının oyunu şənbə günü, saat 18:00-da Priştinada, “Fadil Vokrri” stadionunda keçiriləcək.