Braziliyanın “Korintians” klubunun 72 yaşlı prezidenti Osmar Stabile niderlandlı hücumçu Memfis Depayın müqaviləsi ətrafında yaranan qalmaqaldan sonra özünün və ailəsinin həyatına təhlükə yarandığını açıqlayıb.
Klubun maliyyə problemləri səbəbindən Depayla müqaviləni yeniləməmək qərarı böyük narazılığa səbəb olub. Futbolçunun sosial şəbəkələrdəki kəskin reaksiyasından sonra vəziyyət daha da gərginləşib və azarkeşlərlə yanaşı, cinayətkar qruplaşmalar da məsələyə müdaxilə ediblər.
Braziliyanın “Globo” nəşrinə danışan Stabile yaşadıqları dəhşətli anları belə xatırlayır: “İnsanlar bıçaq və tapançalarla nümayişkaranə şəkildə bizə hədə-qorxu gəlirdilər. Mənim, həyat yoldaşımın və qızlarımın bank hesablarına müdaxilələr olundu, şəxsi məlumatlarımız yayıldı. Bu, çox ağır vəziyyət idi və heç kim bunu yaşamağı rəva bilmirəm. Biz mübarizəni davam etdiririk və lazımi tədbirləri görürük. Ailəmə təhdid mesajları göndərən xeyli sayda cinayətkarın bu işə qarışdığını bilirik”.
Artan təzyiqlərdən sonra “Korintians” rəhbərliyi geri addım atmağa məcbur olub. Klubun İdarə Heyəti Depaya iki illik yeni müqavilə təklif edib və Stabile də sənədi imzalayacağını təsdiqləyib.
Qeyd edək ki, “Atletiko”, “Barselona” və “Mançester Yunayted”in sabiq ulduzu, Niderland millisinin formasını 112 dəfə geyinmiş Depay Braziliya təmsilçisinə 2024-cü ildə qoşulub.