İngiltərə futbolunun tanınmış simalarından olan 37 yaşlı Endi Kerrollun “Holding This” (“Buna sahib olmaq”) adlı yeni avtobioqrafik kitabı böyük maraqla qarşılanıb. Keçmiş futbolçunun İngiltərə millisində komanda yoldaşı olmuş 40 yaşlı Ueyn Runi haqqında yazdığı xatirələr isə qalmaqala səbəb olub.
“The Sun” qəzetinin əldə etdiyi kitabdan hissələrdə Kerroll Runini “yaxşı və çox zarafatcıl oğlan” kimi xarakterizə edib. O, həmçinin keçmiş hücumçunun komanda daxilində birliyi təmin edən əsas fiqurlardan biri olduğunu vurğulayıb.
Lakin Kerrollun Runinin otel otağındakı həyat tərzi ilə bağlı yazdıqları birmənalı qarşılanmayıb. O, həmin dövrdə Runini tez-tez çarpayıda uzanaraq televizora baxan, siqaret çəkən və pivə içən halda gördüyünü yazıb: “Ətrafında siqaret qutuları, pivə və otel menecerindən sifariş etdiyi şərab şüşələri olurdu. Qısa müddət sonra onun otağı digər futbolçularla dolurdu. Heç kim sərxoş olmurdu. Bu, sadəcə onun bir neçə qədəhlə monotonluğu aradan qaldırmaq üsulu idi”.
İddialara görə, hadisələr 2010–2011-ci illərdə, Fabio Kapellonun İngiltərə millisinin baş məşqçisi olduğu dönəmdə baş verib.
Ueyn Runi isə Kerrollun yazdıqlarını qətiyyətlə təkzib edib. Sabiq hücumçu “The Sun” qəzetinə açıqlamasında bildirib: “Adətən haqqımda yazılan yalanlara reaksiya vermirəm, amma buna cavab verəcəyəm. İngiltərə millisinin düşərgəsində içki içməyimlə bağlı bu ‘hekayə’ tamamilə uydurmadır. Bu iddiaların haradan qaynaqlandığını bilmirəm, amma bu, həqiqətən də məyusedicidir”.
Ueyn Runi İngiltərə millisinin heyətində 120 oyun keçirib və 53 qol vurub. Endi Kerroll isə yığmanın formasını 9 dəfə geyinib və 2 qola imza atıb.