Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatı başa çatdı. Azərbaycan şahmatçılar üçün turnir, təəssüf ki, qızıl medalsız, lakin yüksək nəticələrlə yekunlaşdı. Son ana qədər davam edən intriqa öləmizin üç təmsilçisinin çempionluq uğrunda mübarizəsi ilə bütün diqqətləri üzərinə çəkmişdi.
10-cu turdan sonra vəziyyət kifayət qədər ümidverici idi. Nicat Abasov və Aydın Süleymanlı 8 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür, eyni xala malik Məhəmməd Muradlı isə 5-ci pillədə qərarlaşaraq liderləri təqib edirdi. Hər üç şahmatçımızın Avropa taxtına oturmaq şansı real idi.
Lakin bu gün keçirilən 11-ci (final) turda gözlənilən sıçrayış baş vermədi., Aydın Süleymanlı və Məhəmməd Muradlı arasında keçən oyun sülhlə nəticələndi. Bu bərabərlik hər iki oyunçunun maksimal xal toplamaq imkanını əlindən aldı. Qızıl medala ən yaxın namizəd olan Nicat Abasov rumıniyalı Boqdan-Daniel Dyak ilə heç-heçəyə razılaşaraq, çempionluq yarışında ukraynalı rəqibindən geri qaldı. Əgər təmsilçilərimizdən biri çempion olsaydı, bu, Azərbaycanın kişi şahmatı tarixində fərdi Avropa birinciliklərində ilk qızıl medal olacaqdı. İndiyədək yeganə medalımızı 2005-ci ildə Teymur Rəcəbov (gümüş) qazanmışdı.
Qızıl medal 9 xalla 17 yaşlı ukraynalı istedad Roman Deqtyaryova qismət olsa da, təmsilçilərimiz turniri uğurla tamamlayıblar: Nicat Abasov 8,5 xalla gümüş, Aydın Süleymanlı eyni xalla bürünc medala sahib çıxıb, Məhəmməd Muradlı isə yarışı 4-cü pillədə başa vurub.
Medallarla yanaşı, bu turnir həm də Dünya Kubokuna vəsiqə qazanmaq baxımından həlledici idi. İlk sıralarda qərarlaşan şahmatçılarımız bu hədəfə nail olaraq, ölkəmizi daha mötəbər turnirdə təmsil etmək hüququnu rəsmiləşdirdilər.
Qızıl medalın bir addımlıqda əldən çıxmasına baxmayaraq, üç şahmatçımızın ilk dördlükdə qərarlaşması Azərbaycan şahmat məktəbinin Avropadakı dominantlığının növbəti sübutu oldu.