Yevlaxın “Karvan” yeni mövsüm öncəsi heyətində köklü dəyişikliklərə start verib. Bölgə təmsilçisi komandadakı bütün əcnəbi futbolçularla yollarını ayırır. Bu barədə klubun icraçı direktoru Elvin Əjdərli rəsmi açıqlama verib.
Klub rəsmisi artıq bir neçə oyunçu ilə rəsmi vidalaşdıqlarını, digərlərinin isə növbəti mövsüm komandada olmayacağını diqqətə çatdırıb: “Bildiyiniz kimi, Kayl Spens, Pedro Mateuş və Qavi Tompson rəsmi olaraq komandadan ayrılıblar. Bundan əlavə, Coy-Slayd Mikels, Şaqil Sno, Peter Kinqs, Olavale Doyeni və icarə müddəti başa çatan İmani Barker də növbəti mövsüm bizimlə olmayacaqlar. Bununla da komandadakı bütün legionerlərlə yollarımızı tamamilə ayırırıq”.
Elvin Əjdərli yerli oyunçuların statusu və baş məşqçi seçimi barədə də danışıb. Onun sözlərinə görə, yerli kadrlarla bağlı planlar fərqlidir. Onun sözlərinə görə, hazırda komandadakı yerli oyunçuların müqavilə müddəti başa çatıb, lakin klub rəhbərliyi yaxın günlərdə onlarla yenidən danışıqlar masasına oturmağı və yeni sözləşmələr imzalamağı planlaşdırır.
Baş məşqçi məsələsinə gəlincə, komandanın sükanı arxasına kimin keçəcəyi hələlik dəqiqləşməyib. Klub rəsmisi bu məsələnin hazırda rəhbərlik səviyyəsində geniş formada müzakirə olunduğunu bildirib.