Qazaxıstanın “Qayrat Almatı” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını məcburi olaraq doğma meydanından 820 km aralıda keçirməli olacaq.
Səbəb isə amerikalı qalmaqallı repçi Kanye Uestin klubun ev oyunlarını keçirdiyi “Mərkəzi” stadionda konsert verməsidir. Avqustun 11-nə planlaşdırılan “Levski” (Bolqarıstan) ilə matçdan bir neçə gün sonra (cümə günü) təşkil olunacaq şou üçün stadionun əvvəlcədən hazırlıq prosesinə bağlanması komandanı evsiz qoyub.
“Qayrat” matçı Türkistan şəhərindəki “Türkistan Arena”ya keçirmək qərarına gəlib. Avtomobillə təxminən 10 saatlıq məsafədə yerləşən bu stadiona səfər komanda və azarkeşlər üçün ciddi çətinlik yaradacaq.
Almatı təmsilçisinin baş məşqçisi Rafael Urazbaxtin situasiyanı belə şərh edib: “Bizim başqa seçimimiz yoxdur. Görünür, şəhər rəhbərliyi üçün konsert “Kayrat”dan daha vacibdir. Neyləmək olar, gedib Türkistanda oynayacağıq”.
Klub rəhbərliyi isə yaydığı rəsmi bəyanatda stadiumun oyun təqvimi nəzərə alınmadan başqalarına icarəyə verilməsini “qeyri-peşəkar və tələsik qərar” adlandırıb. Şəhər rəhbərliyini tənqid edən klub, mövsümlük abunə sahibləri və fəal fanatlar üçün Türkistana pulsuz avtobus turları təşkil edəcəyini açıqlayıb.
Bu, “Mərkəzi” stadionda yaşanan ilk analoji hal deyil. Keçən il Cennifer Lopesin konserti səbəbindən ölkə çempionatının matçının vaxtı dəyişdirilmişdi. Ötən payız isə belaruslu müğənni Maks Korjun 35 min bileti satılmış konserti Çempionlar Liqasının qrup oyunu ilə üst-üstə düşdüyü üçün tamamilə ləğv olunmuşdu.
Xatırladaq ki, “Qayrat” və “Levski Sofiya” arasındakı ilk oyun avqustun 4-də Bolqarıstanda baş tutacaq, cavab matçı isə avqustun 11-də Türkistanda keçiriləcək.