Kanadanı tarixi uğura daşıyan amerikalı baş məşqçi Cessi Marş ABŞ-da “xain” elan olunub. Karyerası ərzində ABŞ yığmasının formasını geyinmiş və orada köməkçi məşqçi işləmiş 52 yaşlı mütəxəssis, verdiyi bəyanatlarla iki ölkə sərhədində böyük ajiotaj yaradıb.
Hər şey Marşın Kanadadakı futbol mühitini tərifləyərkən doğma vətənininin bostanına “daş atması” ilə başlayıb. “ABŞ millisində bəzən futbolçulardan himni oxumağı az qala yalvararaq xahiş etməli olurduq. Bu uşaqlar (Kanada yığması) isə himni var gücləri ilə oxuyurlar. Onlar burada olduqları üçün ölkələri ilə necə fəxr etdiklərini və Kanadanın dəyərlərini dünyaya göstərmək istəyirlər”, – deyə Marş The Guardiana bildirib.
Bu sözlər ABŞ futbolunun əfsanəsi Klint Dempsini qəzəbləndirib. O, Fox telekanalının efirində həmkarını sərt tənqid edib: “O, həqiqətən belə deyib? İlahi, mən bu adamı ciddi qəbul edə bilmirəm. Vətənimi təmsil etmək mənim üçün böyük şərəf olub. Himn oxunanda mən oxuyanlardan deyildim, əlimi ürəyimə qoyub dua edirdim. İndi isə qarşı tərəfə keçib başqa ölkənin himnini oxuyan birinin məsləhətlərinə qulaq asası deyiləm”.
Daily Mail nəşrinin yazdığına görə, Los-Ancelesdəki matçdan əvvəl Kanada himnini oxuyan Marş ABŞ-da ciddi qınaq obyektinə çevrilib və “satqın” damğası alıb.
Lakin Cessi Marşın tənqidlərə məhəl qoymadığı ortadadır. CAR üzərində qazanılan 1:0 hesablı qələbədən sonra amerikalı mütəxəssis hamıdan çox sevinib, tribunalar önündə Kanada millisinin loqosunu öpüb və meydandakı futbolçularına alovlu nitq söyləyib: “Siz kanadalı uşaqlarının qəhrəmanısınız. Sizin sayənizdə bu idman növünün gələcəyi çox parlaqdır. Kim olduğunuzla və necə oynadığınızla fəxr etməlisiniz. Siz Kanada qəhrəmanısınız!”
Komandanın futbolçuları da baş məşqçilərini dəstəkləyirlər. Hücumçu Tani Oluvaseyi “Cessi Marş Kanada qəhrəmanıdır?” sualına belə cavab verib: “Əlbəttə! Əgər mümkündürsə, ona dərhal Kanada pasportu verin”.
Matçın qəhrəmanlarından olan Stiven Eustaquio isə zarafatla onun vətəndaşlığa layiq olduğunu söyləyib: “Hə, o, vətəndaşlığı tam haqq edir. Bizə ancaq irəli getməyi tapşırdı. Bu tarixi qələbədən sonra artıq ölkənin qəhrəmanlarıyıq, amma hələ görüləsi işimiz çoxdur”.
CAR-ı məğlub edərək dünya reytinqində ilk 16-lığa yüksələn və pley-offda yoluna 1/8 finalda Niderland – Mərakeş cütlüyünün qalibi ilə qarşılaşacaq.