İspaniya Xalq Partiyasının (PP) lideri Alberto Nunyes Feyxoo ölkənin baş naziri seçiləcəyi təqdirdə, 2030-cu il futbol üzrə dünya çempionatına ev sahibliyindən imtina variantını dəstəkləyə biləcəyini bildirib.
Siyasətçi “El Chiringuito” verilişindəki çıxışında mundialın final qarşılaşmasının İspaniyada keçirilməli olduğunu vurğulayıb: “İspaniya dünya çempionatının finalına ev sahibliyi etməlidir. Əgər bu baş verməsə, məncə, ölkəmiz turnirin təşkilində iştirak etməməlidir”.
Finalın Mərakeşə verilməsi halında İspaniyanın mundialın təşkilindən imtina etməsini dəstəkləyəcəyi barədə suala isə Feyxoo qısa cavab verib: “Bəli, bu qərarı dəstəkləyərəm. Finalın İspaniyada keçirilməsi həm ədalətli, həm də məntiqli və mübahisəsiz seçimdir”.
O, İspaniya və Portuqaliyanın dünya çempionatının təşkili layihəsinə əvvəlcə birlikdə başladığını, Mərakeşin isə sonradan bu prosesə qoşulduğunu xatırladıb. Feyxoonun sözlərinə görə, İspaniyanın dünya futbolundakı mövqeyi, eləcə də kişi və qadın milli komandalarının hazırkı dünya çempionu olması finalın ölkədə keçirilməsi üçün əlavə əsasdır.
Qeyd edək ki, 2030-cu il dünya çempionatının finalının harada keçiriləcəyi hələ müəyyənləşməyib. İspaniya, Portuqaliya və Mərakeş turnirin birgə təşkilatçılarıdır. Finala ev sahibliyi etmək uğrunda əsas mübarizə Madridin “Santyaqo Bernabeu” stadionu ilə Kasablankada tikilən, 115 min tamaşaçı tutumuna malik yeni arena arasında gedir.