Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Bakıda Azərbaycan yığmasına minimal hesabla (0:1) məğlub olduqları yoldaşlıq matçından sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə meydan sahiblərini qələbə münasibətilə təbrik edərək matçın onlar üçün ağır keçdiyini bildirib. Millimizin heyətində yüksək keyfiyyətli futbolçuların yer aldığını vurğulayan Angelovski, xüsusilə standart vəziyyətləri ustalıqla yerinə yetirən Toral Bayramovun oyununu fərqləndirib. Tacikistan yığmasının da matçın son dəqiqələrində bərabərlik qolunu vurmağa çox yaxın olduğunu, lakin əlinə düşən imkanlardan istifadə edə bilmədiyini qeyd edib.
Məğlubiyyətin səbəblərinə toxunan baş məşqçi komandasının pis təsir bağışlamadığını, sadəcə hücumları qolla tamamlamada çətinlik çəkdiklərini bildirib. O, buraxılan səhvlərin və ümumi oyunun hərtərəfli təhlil olunacağını diqqətə çatdırıb.
Əvvəllər Şimali Makedoniya seçməsinin sükanı arxasında da Azərbaycana qarşı mübarizə apardığını xatırladan Angelovski, indiki komandanı 5-6 il əvvəlki heyətlə müqayisə etməyin çətin olduğunu bildirib. Həmin heyətdən yalnız Emin Mahmudov və Mahir Emrelinin qaldığını vurğulayan mütəxəssis, Azərbaycan futbolunun potensialına da toxunub: “Əminliklə deyə bilərəm ki, Azərbaycan Millətlər Liqasının D divizionunda oynamağa layiq deyil. Ümid edirəm ki, komandanız xallar toplayaraq layiq olduğu daha yüksək mövqelərə qalxacaq”.
Azərbaycanlı futbolçuların fərdi keyfiyyətlərini daha da inkişaf etdirmələrini və klub səviyyəsindəki uğurları milli komandaya da daşımalarını arzulayan çalışdırıcı, qapıçı Oleq Baklovun start heyətində yer almasına da aydınlıq gətirib. Angelovski bu qarşılaşmanın Asiya Kubokuna hazırlıq xarakteri daşıdığını, sərəncamında olan üç qapıçının hər birinə şans vermək niyyətində olduqlarını və Baklovun Azərbaycan futbolunu yaxından tanımasının da nəzərə alındığını ifadə edib.