«Liverpul»la yollarını ayıran misirli ulduz Məhəmməd Salah Türkiyənin «Trabzonspor» klubu ilə 2 illik müqavilə imzalayıb. 25 min azarkeşin Trabzonda görünməmiş coşqu ilə qarşıladığı ulduz futbolçunun bu seçimi dünya mətbuatında böyük əks-səda doğurub. Lakin ingilis futbolunun və «Liverpul»un keçmiş müdafiəçisi Ceymi Karragerin bu keçidlə bağlı açıqlamaları xüsusi qalmaqala səbəb olub.
İngiltərənin Football Ramble proqramında canlı efirə qatılan Ceymi Karrager, Salahın «Trabzonspor»u seçməsini təəccüblə qarşıladığını və bu addımı onun karyerasında geriyə doğru bir addım hesab etdiyini bildirib: “Mən heç vaxt düşünmürdüm ki, o, Səudiyyə Ərəbistanına gedər. Çünki Salah hələ də Avropanın nəhəng klublarında çıxış edə biləcək səviyyədədir. Amma məncə, Türkiyə liqası da onun ustalıq səviyyəsindən aşağıdır. Əmin idim ki, o, «Milan» və ya «Yuventus» kimi klublara keçəcək. Salah zirvə uğrunda mübarizə aparmalı, «San-Siro»da oynamalıdır. O, Türkiyə liqasından qat-qat üstün futbolçudur”.
Transferin pərdəarxasında əsl diplomatik mübarizənin yaşandığı bəlli olub. Məlumata görə, misirli hücumçu ilk olaraq «Beşiktaş»la danışıqlar masasına oturub. Lakin İstanbul təmsilçisi ilə müzakirələr çıxılmaz təfərrüatlara görə dayandıqdan sonra «Trabzonspor» dərhal dövrəyə girərək transferi yekunlaşdırıb.
Mikonos adasından xüsusi təyyarə ilə yola düşən Salah, havada olarkən «Trabzonspor»un 61 nömrəli forması ilə foto çəkdirib. Bordo-mavililərin ulduz oyunçunun səfərini canlı yayımlaması ilə minlərlə futbolsevər təyyarənin marşrutunu addım-addım izləyib. Trabzonda isə onu 25 mindən çox coşqulu azarkeş qarşılayıb.
Salahın transferi təkcə idman sahəsində deyil, turizm və iqtisadiyyatda da böyük sıçrayışa səbəb olub. Türkiyə Böyük Millət Məclisinin İctimai İşlər, Abadlıq, Nəqliyyat və Turizm Komissiyasının sədri, Trabzondan olan millət vəkili Adil Qaraismayıloğlu Misirin paytaxtı Qahirədən Trabzona birbaşa çarter reyslərinin başladığını elan edib: “Qahirədən Trabzona ilk çarter reysi həyata keçirildi və 120 misirli turist şəhərimizə gəldi. Misirdən olan qonaqlarımızın Trabzona marağı hər gün artır. Məhəmməd Salahın bordo-mavi formanı geyinməsindən sonra bu göstəricinin daha kəskin yüksələcəyini təxmin etmək çətin deyil”.