İngiltərə yığmasının kapitanı Harri Keyn builki Dünya Çempionatında möhtəşəm çıxışı ilə diqqət mərkəzindədir. Ulduz futbolçunun yaşıl meydanlardakı uğurlarının arxasında isə tribunalardan onu daim dəstəkləyən həyat yoldaşı – uşaqlıq sevgisi Keti Qudlend dayanır. Mətbuatla ünsiyyətdən uzaq durmağa üstünlük verən Keti, millinin və Keynin oyunlarını davamlı olaraq stadiondan izləyir.
Şərqi Londonda böyüyən və eyni ibtidai məktəbdə təhsil alan həmyaşıd cütlüyün münasibətləri uşaqlıq illərinə təsadüf edir. “People” jurnalının məlumatına görə, onlar hətta məktəbin buraxılış gecəsinə də birlikdə qatılıblar.
Keyn illər əvvəl “Esquire” nəşrinə verdiyi müsahibədə bu barədə belə danışıb: “Biz eyni məktəbdə oxumuşuq, ona görə də o, mənim bütün karyeramın şahidi olub”.
Keti isə futbolçunun əzmkarlığını və məqsədyönlülüyünü “Instagram” hesabında etdiyi köhnə bir paylaşımla belə xatırlayır: “Münasibətimizin ilk vaxtlarında bizə gəlib qardaşım Tom və itimiz Şeymusla oynayarkən “bir gün İngiltərə millisinin kapitanı olacağam” dediyində sənə gülmüşdüm. Amma sən belə insansan – qarşına məqsəd qoyur və ona çatırsan”.
Keyn 2017-ci ildə Baham adalarında istirahət edərkən Keti Qudlendə evlilik təklifi edib və “o, hə deyib!” başlığı ilə nişan fotosunu paylaşıb. İki il sonra isə cütlük rəsmən ailə həyatı qurub. Hücumçu toy fotolarını “Nəhayət ki, ən yaxın dostumla evləndim” şərhi ilə izləyicilərinə təqdim edib.
Ailəsinin onun üçün balans yaradıcı faktor olduğunu vurğulayan kapitan bildirir: “Uşaqlıq sevgimlə birlikdə olduğum üçün çox şanslıyam. O, hər zaman öz məqsədlərinin arxasınca gedib, universitetdə oxuyub və çox çalışıb. Hazırkı mövqeyimə çatmağım üçün mənim qədər əmək sərf edən və məni tarazlıqda saxlayan möhtəşəm ailəm var”. Cütlüyün dörd övladı var – qızları Ayvi və Vivyen, oğulları isə Lui və Henri. Keti 365 mindən çox izləyicisi olan “Instagram” hesabında mütəmadi olaraq Dünya Çempionatı matçlarından, stadionlardan və Keynlə olan şəxsi həyatından fotolar paylaşır.