Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Hapoel” (Beer-Şeva) rəqabətin yalnız ilk hissəsinin geridə qaldığını yaxşı anlayır. İsrail təmsilçisinin baş məşqçisi Ran Kozuç futbolçularının qələbəni haqq etdiyini bildirsə də, Bakıdakı cavab matçının daha çətin keçəcəyini gizlətmir.
İsrail klubu cavab oyununa minimal üstünlüklə çıxacaq. Lakin “Sabah”ın əvvəlki mərhələdə nümayiş etdirdiyi performans “qırmızı-ağlar”ı maksimum diqqətli olmağa vadar edir. Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk oyununda Danimarka çempionu “Orhus”a səfərdə 1:2 hesabı ilə uduzsa da, Bakıda rəqibini 4:0 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanmışdı.
“Hapoel”i narahat edən digər məqam isə komandanın acı təcrübəsidir. Beer-Şeva təmsilçisi sonuncu dəfə 2017-ci ilin yayında Çempionlar Liqasının pley-off mərhələsində mübarizə apararkən ilk oyunda Sloveniyanın “Maribor” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Lakin səfərdə 0:1 hesablı məğlubiyyət İsrail klubunun mübarizəni dayandırması ilə nəticələnmişdi. Həmin vaxt qüvvədə olan səfər qolu qaydasına əsasən “Maribor” mərhələni keçmişdi. Artıq isə bu qayda ləğv olunub.
Buxarestdə keçirilən qarşılaşmada erkən qol buraxmasına baxmayaraq toparlanmağı bacaran “Hapoel”də legioner hücumçular Civon İst və İqor Zlatanoviç ön plana çıxaraq komandasına qələbə qazandırıblar. Hücumameylli yarımmüdafiəçi Eliel Perets isə Kinqs Kanqvanın gedişindən sonra komandanın yeni liderlərindən birinə çevrildiyini nümayiş etdirib. Qapıçı Ofir Marçiano da ikinci hissədəki kritik seyvləri ilə qələbədə mühüm rol oynayıb.
Müdafiəçi İtay Rotman turnirdə üçüncü sarı vərəqəsini alsa da, pley-off mərhələsinə keçid zamanı sarı vərəqələrdən birinin silinməsi səbəbindən Bakıdakı cavab oyununda meydana çıxa biləcək. Təl-Əviv “Makkabi”sindən transfer olunan Yunes Mlada isə “Hapoel” forması ilə keçirdiyi ilk oyunda yaxşı təsir bağışlayıb.
İlk oyunun iştirakçılarının şərhləri
Ran Kozuç, baş məşqçi:
“Böyük sevincdir, lakin bu, yolun yalnız yarısıdır. “Sabah” hücuma sürətlə keçməyi bacaran yaxşı komandadır. Buraxdığımız qolda səhvə yol verdik və buna görə cəzalandıq. Mərhələni keçmək üçün daha dəqiq oynamalıyıq. İnanıram ki, cavab matçında da istədiyimiz oyunu nümayiş etdirə biləcəyik”.
İqor Zlatanoviç, hücumçu:
“Bu, karyeramın ən vacib qollarından biridir. Uşaqlıqdan Çempionlar Liqasında oynamağı xəyal edirdim və indi həmin arzuya cəmi 90 dəqiqə qalıb”.
Qay Mizrahi, müdafiəçi:
“Bu, bizim üçün ən vacib qələbələrdən biridir. Lakin səfərdə işi tamamlamasaq, bu nəticənin heç bir mənası qalmayacaq. “Sabah” bizi təəccübləndirmədi. Onların nə dərəcədə təhlükəli və sürətli olduğunu bilirdik”.
Ofir Marçiano, qapıçı:
“Bütün çətinliklərə baxmayaraq, qalib gəlməyin yolunu tapdıq. Ümid edirəm ki, növbəti həftə də eyni ruhla mübarizə aparacağıq”.
Beer-Şeva təmsilçisi şənbə günü axşam saatlarında Ben-Qurion hava limanından Bakıya yola düşüb və bazar günü səhər Azərbaycan paytaxtına çatıb. İsrail klubunu cavab qarşılaşmasında Bakıda bir neçə yüz azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Lakin “Hapoel” üçün Bakı səfərinin əsas gündəmi yalnız 2:1 hesablı üstünlüyü qorumaq deyil. İsrail təmsilçisi yaxşı anlayır ki, “Sabah” doğma meydanda tamamilə fərqli komanda təsiri bağışlaya bilər. Danimarkanın “Orhus”una qarşı keçirilən əvvəlki cavab oyunu da bunun ən yaxşı nümunəsidir.
İlk oyundakı 1:2 hesabı “Sabah” üçün əlverişli nəticə olmasa da, cütün taleyini həll edən hesab deyil. Təmsilçimiz Bakıda qələbə lazımdır və komandanın əvvəlki mərhələdə nümayiş etdirdiyi oyun göstərir ki, bu, real hədəfdir. “Bayquşlar”ın əsas üstünlüyü isə yalnız doğma meydan amili ilə məhdudlaşmır. “Tofiq Bəhramov” stadionunda azarkeş dəstəyi, ilk oyunda buraxılan səhvlərdən nəticə çıxarmaq imkanı və “Orhus”la cavab qarşılaşmasında olduğu kimi, matçın əvvəlindən təzyiq qurmaq bacarığı “Sabah”ın əsas silahları sırasındadır.“Hapoel” Buxarestdə qazandığı 2:1 hesablı üstünlüyə arxayın olmaq istəmir. “Sabah” isə ilk oyunun nəticəsini unutdurmaq və tarixində ən mühüm Avropa qələbələrindən birini qazanmaq üçün qarşısına çıxacaq 90 dəqiqədən maksimum yararlanmağa çalışacaq. Çempionlar Liqasının əsas mərhələsinə gedən yolda üstünlük hazırda “Hapoel”in tərəfindədir, lakin son söz hələ deyilməyib.