Azərbaycan Premyer Liqasında hakimlərlə bağlı səs-küy səngiməmiş Çempionlar Liqasında da bənzər hadisələr emosiyaları təzədən coşdurdu. Sanki Avropa futbolu bizə bir ismarış ünvanladı ki, bu problem tək sizinlə bağlı deyil, ümumi futbolun problemidir və elə Avropada da azarkeşlərin səbri tükənmək üzrədir. Çempionlar Liqasında hakim qalmaqalı bir daha təsdiqlədi ki, hakimlərin qərarlarında ardıcıllığın və konkretliyin olmaması bu idman növünün gələcəyinə gedən yolda xaotik trayektoriya yaradır. Müasir texnologiyaların oyuna müdaxiləsinin təmin edildiyi bir dövrdə, VAR-ın bütün şübhə və mübahisələrə son qoyan xilaskar rolunu oynayacağına ümid olduğu bir mərhələdə yenidən hakim qərarlarının qəzəb və şübhələr yaratması ciddi siqnallar verir. Çempionlar Liqasının iki yarımfinal cavab oyunlarında baş verənlər bu narahatlıqları bir daha gündəmə gətirdi. Bavariya-PSJ matçında fransız müdafiəçinin cərimə meydanından uzaqlaşdırmaq istədiyi top oyundaşının əlinə dəydi, amma hakimin futu eşidilmədi. Qaydaların tələbi belə idi. Qaydalar isə sadə və anlaşılan olmalıdır. Lakin görünən odur ki, belə epizodlarda qaydalardan çox hakimlərin yanaşması əsas rol oynayır və bu da yenidən insan amilini müasir texnologiyalardan üstün tutur. İnsan amili olan yerdə isə şübhə və emosiyalar hər zaman olacaq.
Həm Azərbaycan çempionatı, həm də Çempionlar Liqasındakı referilərlə bağlı insidentlərdən sonra iddia etmək olar ki, VAR sistemi hakimlərə kömək etmək əvəzinə, onların işini daha da pisləşdirdi. Texnologiya əslində faydalıdır və məqsədi kobud səhvləri düzəltməkdir. Lakin VAR-ın varlığı deyəsən hakimləri sadəcə tənbəlləşdirdi. VAR-a arxayın olan hakimlər sanki meydanda baş verənlərə köklənməyə ehtiyac duymur. “Nə isə olsa, monitor arxasındakılar düzəldər” düşüncəsi meydandakı konsentrasiyanı minimuma endirib. Lakin “Arsenal” – “Atletiko” matçında gördüyümüz kimi, texnologiya da hər zaman xilas etmir. VAR otağındakılar Qabrielin hərəkətinə aldandılar və qonaqların xeyrinə penalti vermək əvəzinə, oyun meydan sahiblərinin sərbəst zərbəsi ilə davam etdi. Amma ən böyük məyusluq hələ qabaqdadır. Bu mövsüm azarkeşləri ən çox qəzəbləndirən məqam qərarlardakı qeyri-ardıcıllıqdır. Bir matçda hakimin və ekspertlərin arqumentini “etalon” kimi qəbul edirik, lakin az sonra başqa bir oyunda analoji vəziyyət üçün tamamilə fərqli qərar verilir.
Pau Kubarsi nümunəsi: Çempionlar Liqasında “Barselona” müdafiəçisi cərimə meydançasına daxil olan rəqiblə təmasda olduğu üçün meydandan qovuldu. Əgər digər matçlarda buna görə yalnız sarı vərəqə verilməsəydi, bu qərarı anlamaq olardı.
Bernardo Silva və Premyer Liqa dramı: “Mançester Siti”nin “Everton”a 2:3 hesabı ilə uduzduğu kritik anda portuqaliyalı futbolçu rəqibin hücumunu mərkəzdə kobudluqla kəsir. Hakim fiti çalmır və az sonra “şəhərlilər” bərabərlik qolunu vurur. Bəlkə də çempionluğun taleyini həmin saniyələr həll edəcək?
Belə misallar artdıqca, futbolu izləməkdən imtina edən azarkeşləri qınamaq çətinləşir. Bir hakim qərarının 90 dəqiqəlik əməyi bir anda alt-üst etdiyi oyuna həyəcanlanmağın nə mənası var?
Səhvlər qaçılmazdır, axmaq qaydalar (məsələn, təsadüfi əl oyunları) dəyişdirilə bilər. Lakin hakimlikdə vahid standartın olması fundamentaldır. Hazırda isə hər şey lotereyanı xatırladır: hakimlər eyni vəziyyətlərdə sanki qəpik ataraq qərar verirlər.
Üz düşsə – qırmızı vərəqə, astar düşsə – sarı. Bu da insan amilinin hələ də həlledici faktor olduğunu deməyə əsas verir. İnsan isə səhv edə bilər. Lakin, bizim ölkədə 1990-2000-ci illərin hakim fırıldaqları, rüşvətxorluğu, nəticələrə inzibati qərarların təsiri kimi hadisələrdən travma almış azarkeşlər ordusu hakim qərarlarını “sadə insan səhvi” hesab etməkdə çətinlik çəkir və ziddiyyətli, qeyri-ardıcıl qərarları şübhəli hesab edirlər. “Qarabağ” azarkeşləri “Sabah”la aradakə 13 xallıq fərqi, “Qarabağ”ın “Kəpəz”ə iki dəfə uduzmasını unudaraq hakim qərarlarının çempionluğun taleyinə təsir etdiyini zənn edir, “Neftçi” də haqsızlıqdan danışır, “Sumqayıt” prezidenti hakimlərin otağına basqın edir və s. Bütün bu neqativlərin səbəbi isə qərarlarda və onların şərhində gözə girən bariz ziddiyyətlərdir. Elə Rəhim Həsənovun son turun hakim qərarlarına verdiyi şərhlərə nəzər salmaq kifayətdir ki, eyni epizodlara necə fərqli izahat verilməsinin şahidi olasan. O zaman azarkeşlərdə də sual ortaya çıxır: qaydalarmı ziddiyyətlidir, hakimlərmi səhv edir, yoxsa burada gözəgörünməz əllərin işarəsi həlledici rol oynayır?
***