Premyer Liqanın I turunda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçi Filip Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rəqibi qələbə münasibətilə təbrik edən portuqaliyalı mütəxəssis ilk qola qədər intizamlı oynadıqlarını vurğulayıb: “Rəqibi təbrik edirəm. Biz də pis oynamadıq. İlk qola qədər ‘Neftçi’yə heç bir imkan vermirdik. Lakin standart vəziyyətdən buraxdığımız qol komandada özünəinamsızlıq yaratdı, rəqib isə əksinə, ruhlandı. Buraxılan qola dərhal reaksiya verməyə çalışsaq da, alınmadı. Fasilədən sonra oyuna əvəzləmə ilə başladıq. Küləkli hava da işimizi bir qədər çətinləşdirirdi. Geridönüş etmək istədiyimiz məqamda rəqib bizi əks-hücumda yaxalayıb daha bir qol vurdu. 1:3 hesabından sonra isə futbolçumuzun öz səhvi üzündən azlıqda qaldıq. Əgər azlıqda qalmasaydıq, bəlkə də daha yaxşı oynayıb hesabı bərabərləşdirə bilərdik”.
Məğlubiyyətə baxmayaraq gələcəyə nikbin baxan Kandido heyətdəki kadr çatışmazlığından da söz açıb: “Hər zaman nikbin olmaq lazımdır. Nəyin üzərində işlədiyimizi bilirik. Həm özümə, həm də komandama inamım sonsuzdur. Zamanla daha yaxşı olacağıq. Nəticəyə görə məyusam, amma mövsüm hələ yeni başlayır.
Mən bura bəhanə axtarmaq üçün gəlməmişəm. Mənim üçün futbolçular arasında fərq yoxdur və ixtiyarımda olan heyətdən maksimum yararlanmağa çalışıram. Transferlər olacaq və heyət tam komplektləşəcək. ‘Neftçi’ mövsümün ilk rəsmi matçına çıxanda, biz təzəcə toplanışa başlayırdıq. Yeni gələnlər bizimlə cəmi 2-3 məşq keçiblər. Mövcud reallıqla işləməliyik. Növbəti matçımızın təxirə salınacağı gözlənilir, bu da bizə hazırlaşmaq üçün əlavə vaxt qazandıracaq”.
Birbaşa qırmızı vərəqə alaraq komandanı azlıqda qoyan kapitan Səbuhi Abdullazadə haqqında danışan mütəxəssis futbolçusunu müdafiə edib: “Əlbəttə, onun belə etməməsini istərdim. Lakin futbolda belə hallar yaşanır. Səbuhi bizim kapitanlarımızdan biridir”.