DÇ-2026 məhz FİFA-nın planlaşdırdığı ssenari üzrə davam edir: turnirin yarımfinalında planetin ən nəhəng futbol ölkələri qarşılaşacaq. Çempionatdan öncə tətbiq edilən yeni reqlament qaydası özünü 100% doğrultduraraq təşkilata gözlənilən 9 milyard dollarlıq rekord gəliri təmin edib.
Püşkatmadan az əvvəl FİFA pley-off sistemi üçün mühüm dəyişiklik etdi. Təşkilat reytinqdə ilk pillələrdə qərarlaşan ən güclü yığmalara yalnız yarımfinalda üz-üzə gələ biləcəyini zəmanət altına alan xüsusi “səpələnmə” (seeding) sistemini tətbiq etdi. Bu addım Çempionlar Liqası və “Böyük Dəbilqə” tennis turnirlərindəki formata bənzəyir.
Qaydaya əsasən, öz qruplarında lider olan FİFA reytinqinin ilk 4 pilləsindəki komandalar – İspaniya, Argentina, İngiltərə və Fransa – yarımfinala qədər bir-biri ilə qarşılaşmadı. Nəticədə 1/2 finalda yalnız nəhənglər mübarizə aparacaq: Argentina – İngiltərə, Fransa – İspaniya
Müqayisə üçün qeyd edək ki, DÇ-2022-də Xorvatiya və Mərakeş, DÇ-2018-də isə Belçika və Xorvatiya yarımfinala yüksələrək sürpriz etmişdilər. Lakin nəhəng televiziya bazarlarına sahib nəhənglərin toqquşması FİFA üçün maliyyə baxımından dəfələrlə sərfəlidir.
Milli komanda sayının 48-ə çatdırılması və pley-offdakı yeni sistem yayım hüquqlarına və bilet satışlarına marağı rekord həddə çatdırıb. FİFA-nın DÇ-2026-dan əldə edəcəyi gəlirin 9 milyard dollara çatacağı gözlənilir. Bu, DÇ-2022-dəki göstəricidən (7-7.5 milyard dollar) təxminən 2 milyard dollar çoxdur.