2013-cü ildə əfsanəvi Ser Aleks Ferqyuson təqaüdə çıxarkən “Mançester Yunayted”in sükanı arxasına keçməyə əsas namizəd Joze Mourinyo idi. Ferqyusonun sözlərinə görə, portuqaliyalı mütəxəssislə ilkin razılıq əldə olunsa da, cəmi bir neçə saat sonra hər şey kəskin şəkildə dəyişib. Netflix-in “Mourinyo” sənədli filmində bu tarixi anın təsirləndirici təfərrüatları üzə çıxıb.
Ferqyusonla razılaşdıqdan cəmi bir neçə saat sonra Mourinyo ona zəng edərək emosiyalarını və göz yaşlarını saxlaya bilməyib: “Aleks, bu işi qəbul edə bilmərəm. “Çelsi”’yə söz vermişəm və sözümü poza bilmərəm”.
Joze Mourinyo “Real”dən ayrıldıqdan sonra “Mançester Yunayted” kimi nəhəngdən təklif almağın böyük şərəf olduğunu, lakin ürəyinin səsini dinlədiyini bildirib: “Əlbəttə, çox qürur duymuşdum, çünki “Mançester Yunayted” inanılmaz dərəcədə cəlbedici bir klubdur. “Real’ın dünyanın ən böyük klubu olduğunu deyirəmsə, “Mançester Yunayted”in də ona çox, lap çox yaxın olduğunu etiraf etməliyəm. Futbol sevgisi bir başqa şeydir, konkret bir kluba olan sevgi isə tamamilə fərqli. Düşünürəm ki, bu, ümumi futbol sevgisindən daha güclüdür. Faktiki olaraq, “Real”dakı gərginlikdən sonra mənim sadəcə sevilməyə və özümü evdəki kimi hiss etməyə ehtiyacım var idi”.
Mourinyo Ser Aleksi əvəzləmək şansını əldən verməsini karyerasının ən dramatik anlarından biri kimi dəyərləndirsə də, addımından heç vaxt peşman olmadığını vurğulayır: “Ser Aleksi əvəzləmək şansını qaçırmaq dramatik idi, lakin peşman deyiləm. Çünki bu, ürəklə verilmiş bir qərar idi. Nitşenin dediyi kimi: “Əgər bir şeyi sevgi ilə edirsənsə, heç vaxt yanılmırsan”.
Mourinyonun imtinasından sonra komandanın sükanı arxasına gətirilən Devid Moyes 6 illik müqaviləsinə baxmayaraq, cəmi 9 aydan sonra istefaya göndərildi. Londona yollanan Mourinyo 2014/2015 mövsümündə “Çelsi” ilə Premyer Liqanın qalibi oldu.
Mourinyo, nəhayət, 2016-cı ildə Lui van Qalı əvəzləyərək “Mançester Yunayted”in baş məşqçisi postuna yiyələndi.v