Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Çiliyə məğlubiyyəti və Cəbəllütariq üzərində qələbəni şərh edib.
O, Çili ilə oyundan sonra futbolçuların psixoloji durumunun yaxşı olmadığını, lakin komandanın toparlanaraq qələbə qazandığını bildirib: “Çiliyə məğlubiyyətdən sonra komandamızın psixoloji vəziyyəti yaxşı deyildi. Sevindirici haldır ki, futbolçuları Cəbəllütariqlə oyuna hazırlaya bildik və qalib gəldik. Komandanı təbrik edirəm, onlar bu qələbəyə layiq idilər.
Çilini də məğlub etmək istəyirdik, amma təcrübəmiz çatmadı. İnanıram ki, futbolçularımız gələcək oyunlarda lazımi təcrübəni toplayacaqlar. Onlara inanmaq lazımdır. Bu oyunçuların gələcəkdə böyük futbolçu olmaq potensialı var.
Sabah bizi daha iki oyun gözləyir. Futbolçuların güclərini qorumasına kömək etməliyik”, – deyə baş məşqçi vurğulayıb.
Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vurub. Yığma qrupda Timor-Lesteni (6:0), Andorranı (1:0) və İsraili (3:1) məğlub edib, Avstraliyaya (1:3) və Haitiyə (0:4) uduzub. Daha sonra Çiliyə 1:3 hesabı ilə məğlub olan komandamız Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.